ABŞ səfiri: “Rüstəm İbrahimbəyovun ikili vətəndaşlığı məsələsi Azərbaycanın, onun məhkəmə və hüququnun öz işidir”

"Ümidvarıq ki, Azərbaycanda qarşıdan gələn prezident seçkiləri nümunəvi bir seçki olacaq, azad və ədalətli seçkinin bütün prinsipləri burada öz əksini tapacaq". Bunu Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı səfiri Riçard Morninqstar APATV-yə verdiyi eksklüziv müsahibəsində dedi: "Seçkilərin fəal mərhələsi artıq başlayıb. Biz Azərbaycan hökumətini insanların iradəsini ifadə edən azad və ədalətli seçkilərin keçirilməsini təmin etməyə çağırırıq. Söz azadlığı, sərbəst toplaşmaq, birləşmək azadlığı və bu məsələlərlə bağlı qanunun aliliyinə riayət olunmasını özündə əks etdirəcək azad və ədalətli seçki standartlarının təmin olunacağına ümidvarıq".

 

Səfir Azərbaycan hökumətinin  ATƏT-in İnsan Haqları və Demokratik Təsisatlar Bürosu və digər beynəlxalq təşkilatlardan seçkini müşahidə etmək üçün nümayəndə dəvət etməsini pozitiv hal adlandırdı: "Eyni zamanda çoxsaylı namizədlərin qeydə alınmasını da pozitiv qiymətləndirirəm. Bu namizədlər sırasında İlqar Məmmədov və Milli Şuranın alternativ vahid namizədi Cəmil Həsənlinin də qeydə alınmasını xüsusi vurğulamaq istəyirəm.  Həmçinin biz ümidvarıq ki, siyasi partiyaların keçirmək istədiyi yığıncaqlar, mitinqlər qeyri-zorakı, dinc olacaq və bu  toplantılar, mitinqlər inzibati həbs, saxlama, tutulma və digər bu kimi təpkilər olmadan sərbəst şəkildə həyata keçirilə biləcək. Eləcə də biz, hökuməti gənc fəallar, jurnalistlər, siyasi liderlər, o cümlədən İlqar Məmmədov və Tofiq Yaqublu da daxil olmaqla bütün bu şəxslərin məhkəmə prosesinin şəffaf şəkildə, yubanma olmadan və qanunun  aliliyinə riayət etməklə tez bir zamanda həyata keçirməyə çağırırıq. Biz seçki prosesində hökumətlə əməkdaşlıq etməyi səbirsizliklə gözləyirik".

 

Riçard Morninqstar Rüstəm İbrahimbəyovun MSK-da namizədliyinin qeydə alınmaması məsələsinə də toxundu: "İbrahimbəyovla bağlı mərkəzi seçki Komissiyasının qərarını bilirik. Onun ikili vətəndaşlığı məsələsinə gəldikdə isə bu Azərbaycanın, onun məhkəmə və hüququnun öz işi və həll etməli olduğu bir məsələdir. Biz bu kimi hüquqi məsələyə müdaxilə edə bilmərik. Cəmil Həsənlinin isə Milli Şurada alternativ vahid namizəd kimi seçilməsi onların seçimidir".

 

Ümumilikdə seçkiqabağı mühiti normal qiymətləndirən Birləşmiş Ştatların səfiri, seçkilərin nəticəsinə nə nikbin baxır.

Müəllif | Apa.Tv