Natalya Sinişin: "Hər şey bir anda oldu"
“Birinci növbədə bürünc medalı ailəmə, balaca qızıma həsr edirəm. O, evdə mənim yolumu gözləyir. Darıxır, mən də onun üçün darıxıram”. APA TV-nin məlumatına görə, bu sözləri I Avropa Oyunlarında 55 kq çəki dərəcəsində mübarizə aparan Natalya Sinişin deyib. O, bürünc medal uğrunda görüşdə Ukrayna təmsilçisi Tatyana Kiti məğlub edib. Sinişin öncə qələbəsində əsas pay sahibi olanlara təşəkkür edib: “Həyat yoldaşıma, dostlarıma, məşqçimə öz təşəkkürümü bildirirəm. Güləş Federasiyasına, hamıya minnətdarlığımı çatdırıram. Çox xoş idi. Mənə azarkeşlik edənlərin hamısına minnətdaram”.
Güləşçimiz finala yüksələ bilməməsinə də aydınlıq gətirib. Sinişinin sözlərinə görə, o, öz səhvi ucbatından həlledici mərhələyə çıxa bilməyib: “Mən yorulmamışdım. Sadəcə, hər şey bir anda oldu. Medalın olması hər zaman yaxşıdı. Əlbəttə qızıl medal qazanmaq istərdim, amma bürünc medal da çox yaxşıdı”.