Qubada iki "Mercedes" toqquşdu: 7 yaralı
Quba-Xaçmaz yolunda baş verən qəzada 7 nəfər xəsarət alıb
Bu gün Quba-Xaçmaz yolunda yol nəqliyyat hadisəsi baş verib. APA-nın şimal bürosunun verdiyi məlumata görə, qəza Quba rayonunun Zərdabi kəndi ərazisində qeydə alınıb.
Ötmə əməliyyatını düzgün yerinə yetirməyən “Mercedes” markalı avtomaşın əks istiqamətdə hərəkətdə olan digər “Mercedes” markalı minik maşını ilə toqquşub. Qəza nəticəsində hər iki maşında olan 7 nəfər müxtəlif bədən xəsarətləri alıb. Onlar - Quba rayonunun Bağbanlı kənd sakini, 1961-ci il təvəllüdlü Hüseynova Həqiqət Ağacan qızı, 1992-ci il təvəllüdlü Əmirova İradə Nadir qızı, Xaçmaz rayonunun Hacıəlibəyli kənd sakini, 1982-ci il təvəllüdlü Mikayılova Elnarə Ənvər qızı, 1979-cu il təvəllüdlü Mikayılov Kamil Rasim oğlu, Quba rayonunun Ərməkiqışlaq kənd sakini, 1995-ci il təvəllüdlü Həsənova Ədilə Qurban qızı, Bakı şəhər sakini, 1989-cu il təvəllüdlü Niftəliyev Nəriman İsmayıl oğlu və Quba rayon sakini, 1978-ci il təvəllüdlü Musayev Naib Beybut oğludur.
Xəsarət alan şəxslər Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. İlkin tibbi yardımdan sonra onlar ambulator müalicə üçün evə buraxılıb.
Faktla bağlı Quba Rayon Polis Şöbəsinin istintaq və təhqiqat bölməsində araşdırmalar davam etdirilir.