Suriyada kürdlər İŞİD-ə qarşı hücuma keçdi
Suriyada İŞİD-ə qarşı döyüşən kürd silahlıları Bəşər Əsəd hakimiyyətinə müxalif birləşmələrin dəstəyi ilə terrorçuların nəzarətində olan Təl-Abyad şəhərini mühasirəyə alıb.
APA TV-nin "Euronews"a istinadən verdiyi məlumata görə, hücuma keçən qüvvələr İŞİD-in özünə paytaxt elan etdiyi Raqqa şəhəri istiqamətində irəliləyir.
Təl-Abyad terrorçuların ötən ildən ələ aldığı ən strateji şəhərdir. Onlar bu yaşayış məntəqəsində çox rahat şəkildə özlərinin yanacaq ehtiyatını ödəyir və qanunsuz yollarla hətta neftin satışını da həyata keçirirlər. Təl-Abyad son günlər ABŞ-ın rəhbərlik etdiyi koalisiya qüvvələri tərəfindən də mütəmadi olaraq bombalanır.
Kürd silahlı birləşmələrinin hücumu bölgədə döyüşlərin şiddətlənməsinə səbəb olub. Şəhərdən və ətraf yaşayış məntəqələrindən minlərlə sakin Türkiyə sərhədlərinə sığınıb. Türkiyə tərəfi isə bu arada sərhəddə nəzarəti gücləndirib. Buna baxmayaraq, təxminən 23 min nəfərin Türkiyə ərazisinə keçdiyi bildirilir. Kürd qruplaşmalarının nəzarətə götürdüyü ərazilərdə milli ayrı-seçkiliyə yol verdiyi vurğulanır. Bundan ən çox əziyyət çəkənlərin türkmənlər olduğu deyilir. Kürd silahlılarının komandirləri isə bunu təkzib edirlər. Onlar dinc əhaliyə zərər dəyməməsi üçün, sadəcə, sakinlərin döyüş bölgələrini tərk etmələrini istədiklərini bildirirlər.