Təcrübəli siyasətçilər nikbin danışdılar

"ATƏT-in Minsk Qrupuna və dünya ictimaiyyətinin Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində verəcəyi töhfələrə inanırıq".

 

APA TV-nin xəbərinə görə, Bunu Nizami Gəncəvi Beynəlxalq Mərkəzi və Madrid Klubunun “Birgə Cəmiyyətlər-2014” Forumuna hazırlıq məqsədi ilə keçirilən debatlarda jurnalistlərə açıqlamasında Niderland Krallığının sabiq baş naziri Vim Kok deyib. Münaqişənin ədalətli həllinə nail olunmadığına görə təəssüfləndiyini deyən Vim Kok fikirlərini belə izah edib: "Uzun illər davam edən bu münaqişənin həlli üçün yeni yolların axtarılması vacibdir. Minsk Qrupu daha aktiv olmalıdır. Çünki bu təşkilatın uzun illərdir davam edən fəaliyyəti heç bir nəticə verməyib."

 

Regionda mövcud olan münaqişələrdən və onların həllindən danışan Latviyanın eks-prezidenti Vayra Vike Freyberqa isə bildirib ki, münaqişənin həlli var və sülh yolu ilə çözülməlidir: “Münaqişələr cəmiyyətlər üçün böyük əziyyətdir. Qaçqınlar illərlə öz doğma yurdlarına qayıda bilmirlər, lakin ümid həmişə var. Latviyada çoxları deyirdi ki, ölkənin müstəqilliyi bərpa etmək şansı yoxdur, amma bu, baş verdi. Dağlıq Qarabağ münaqişəsini o zaman həll etmək mümkün olacaq ki, xalqlar bu münaqişədən daha çox itirdiklərini anlayacaqlar”.

 

Qeyd edək ki, bu günkü forum gələn il keçiriləcək II Qafqaz Forumuna hazırlıq məqsədi daşıyır. Xatırladaq ki, "Cənubi Qafqaz" adı məhdud xarakter daşıdığından forumun adı dəyişdirilərək "Birgə Cəmiyyətlər-2014” Forumu adlandırılıb.

 


 

Müəllif | Apa.Tv