Xəzər İsayev: "Avropa Oyunlarında 22-dən çox medal əldə etmək imkanımız var"
Bu gün Milli Olimpiya Komitəsinin (MOK) inzibati binasında Bakı-2015 I Avropa Oyunlarının mükafatçıları ilə ənənəvi görüş keçirilib.
APA TV-nin xəbərinə görə, tədbirdə MOK-un vitse-prezidenti Xəzər İsayev və Avropa Oyunlarında Azərbaycan nümayəndə heyətinin rəhbəri Könül Nurullayeva iştirak edib.
MOK rəsmiləri qızıl mükafatçı Mariya Stadnik (qadın güləşi, 48 kq), bürünc mükafatçılar Natalya Sinişin (qadın güləşi, 55 kq) və idman gimnastikası üzrə millimizin üzvlərini (Oleq Stepko, Petro Paknyuk və Eldar Səfərov) mükafatlandırıblar.
Xəzər İsayev qısa nitqində idmançıları təbrik edib və Azərbaycanın qarşıdakı günlərdə daha çox medallar qazanacağına inandığını bildirib: "İlk günlərdə bizim qızıl, gümüş və bürünc medallarımız əldə olunmağa başladı. Bu gün artıq Azərbaycan idmançılarının 7 qızıl medalı var. Biz bu gün də bir qızıl medal gözləyirik. Ümumilikdə Azərbaycan heyətini götürsək, çox gözəl heyətlə çıxış edirik. Proqnoz vermişdim ki, 20-25 medal alacağıq. Artıq mən gedişata baxıram ki, 22-dən də artıq medal əldə etmək imkanımız var. Bütün federasiyalara əldə olunan medallara görə minnətdarlığımı bildirirəm".
Ardından dünənki medalçılar bir-bir səhnəyə dəvət edilib və mükafatlarını alıblar.
İdman gimnastikası üzrə bürünc medal sahibi Eldar Səfərov: "Sevincimin həddi-hüdudu yoxdur. Bilmirəm sevincimi necə bölüşüm sizlərlə. Qarşıda dünya çempionatımız var, ora hazırlaşırıq. İnanırıq ki, biz həmin yarışlarda bundan da yaxşı nəticə verərik. Düzdür, çətin oldu bizim üçün, güclü komandalar var idi. İnanırdıq ki, qalib gələ biləcəyik. Bundan da yaxşı nəticə əldə edə bilərdik, amma bildiyiniz kimi, bizdə bir nəfər zədə aldı. Buna görə yaxşı nəticə əldə edə bilmədik. Çox təşəkkür edirəm ki, bizi çox yaxşı dəstəklədilər".
Sonda isə dünən Azərbaycanın aktivinə medal yazdıran idmançılar növbə ilə xüsusi şərəf lövhəsinə imza atıblar.