Rusiyalı politoloq: “Anti-Azərbaycan kampaniyasının arxasında kimlərin olduğunu hər kəs bilir”
“Mən Azərbaycanı nəhəng tədbir keçirməsi münasibətilə təbrik edirəm. Əminəm ki, çəkilmiş bütün əziyyət özünü doğruldacaq. Bu infrastrukturdan yalnız Oyunlar zamanı deyil, gələcəkdə də istifadə olunacaq. Hər şey çox gözəl başlayıb və davam edir”.
APA TV-nin məlumatına görə, bunu rusiyalı politoloq Sergey Markov “Rossiya Seqodnya” Beynəlxalq İnformasiya Agentliyinin Mətbuat Mərkəzində Azərbaycan-Rusiya münasibətlərinə həsr olunmuş mətbuat konfransında deyib.
“Əlbəttə ki, əhali hər zaman pulların hara xərclənməsi, düzgün istifadə olunub-olunmaması ilə bağlı suallar verir. Bu suallar bütün idman yarışlarında verilir və bunu normal qarşılamaq lazımdır”, - deyə o bildirib.
Son bir neçə həftə ərzində Azərbaycana qarşı çirkin kampaniyanın aparıldığını deyən S.Markov Qərb və Avrasiya mətbuatında yer alan sifarişli məqalələri oxuyarkən xəcalət çəkdiyini bildirib: “Kommersant” qəzetində dərc olunan məqalə isə xüsusilə xoşuma gəlmədi, çünki qərəzli idi. Bu tərzdə yazmaq düzgün deyil. Təbii ki, bu cür yazılar siyasi sifarişin nəticəsidir. Hər kəs bunun arxasında kimlərin olduğunu bilir. Əminəm ki, bu anti-Avropa Oyunları dalğası sakitləşəcək və gələcəkdə Avropa Oyunlarının təşkili obyektiv qiymətləndiriləcək. Biz bu kampaniya ilə Soçi Olimpiadası ərəfəsində rastlaşmışdıq. İndiyədək mədəni və idman sahəsində bütün Avropanı birləşdirən belə bir tədbir olmayıb, bu ilkdir. Ümidvaram ki, bu Oyunların keçirilməsi daimi xarakter alacaq”.
Tanınmış rusiyalı politoloq bildirib ki, Rusiya prezidenti Vladimir Putinin I Avropa Oyunlarının açılışında iştirakı Azərbaycana olan rəğbətinin göstəricisidir: “Putin bununla Rusiya-Azərbaycan tərəfdaşlığının strateji, hətta müəyyən mənada müttəfiqlik xarakteri daşıdığını göstərdi".