Yunan-Roma güləşi üzrə yığma komandamızın böyük məşqçisi: "Tarixi nəticələrə imza atdıq"
"Nəticələrimiz çox sevindirici oldu. Tarixi nəticələrə imza atdıq. İdmançılarımız 2 qızıl, 2 gümüş və 2 bürünc medal əldə etdilər. Bu, bizim üçün yaddaqalan və fəxredici yarışlar oldu".
Bunu APA TV-yə yunan-Roma güləşi üzrə yığma komandanın böyük məşqçisi Nurəddin Rəcəbov deyib.
Onun sözlərinə görə, İlk Avropa Oyunları Bakıda keçirildiyinə və Azərbaycan ev sahibliyi etdiyinə görə bu yarışlarda 6 medal qazanmaq həqiqətən də böyük nəticədir: "Biz hansısa nəticəni aşağı və ya yuxarı nəticə adlandıra bilmərik. Biz bütün idmançılarımıza eyni gözlə baxmalıyıq. Sadəcə, bu da bir növ qismət oldu. Onların hər birinin medalı bizim üçün əzizdir. İdmançılarımız sevinc içindədirlər Onlar həqiqətən bizim qəhrəmanlarımızdır. Onlar tarix yazıblar. Hər birimiz onlarla fəxr etməliyik".
Nurəddin Rəcəbov idmançıların qarşısında duran vəzifələrindən də danışıb: "Qarşıda Las Veqasda dünya çempionatı var. Orada bizim Rio-de Janeroda Olimpiya Oyunlarına vəsiqə qazanacaq yarışımız olacaq. Bütün fikrimiz həmin yarışda iştirak edib yüksək nəticə göstərmək və Olimpiya oyunlarına vəsiqə qazanmaqdır".
Avropa Oyunlarında yığma komandamızda ciddi zədə alan idmançıların olmadığını deyən böyük məşqçi qeyd edib ki, hazırda güləşçilərimizə komanda həkimləri tərəfindən ciddi nəzarət edilir.