Uşaqların iç dünyasını açan fotosərgi – XÜSUSİ REPORTAJ

Səma kimi təmiz, bulaq suyu kimi sərin, bir yumruq boydadır dünya uşaqların gözündə. Hər kəs bu dünyanı görmək, uşaqların dünyasına bir az daha yaxın olmaq üçün yığışmışdı bu sərgiyə. İyunun 15-də Rəssamlar İttifaqının Vəcihə Səmədova adına sərgi salonunda keçirilən “Balaca böyüklərin dünyası” adlı fotosərginın açılışında böyükdən kiçiyə hər kəs vardı.

 

APA TV-nin xəbərinə görə, Rəssamlar İttifaqının təşkilatçılığı ilə keçirilən uşaq fotosərgisi Bakıda ilk dəfə baş tutub.

 

Dünyaya uşaqların gözündə baxan isə həvəskar fotoqraf İrina Abdullahdır. Sərgidə fotoqrafın 64 əsəri nümayiş olunur. Beş ildir həvəskar fotoqraf kimi çalışan İrina Abdullah son üç ildə çəkdiyi fotoları bu gün nümayiş etdirib. Tədbirdə xalq rəssamları Ağəli İbrahimov və Arif Hüseynov çıxış edərək sərginin əhəmiyyətini vurğulayıblar.

 

Xalq rəssamı Arif Hüseynovun fikrincə, bu sərgi uşaqlara həsr olunduğundan maraq doğurur: “Çünki uşaqlar açılmamış səhifədir. Bu rəsmlərdə yaşından asılı olmayaq müxtəlif nüansları görürük. Bu şəkillər insanlara psixoloji təsir edir. Sərginin ikinci maraqlı cəhəti odur ki hər bir şəkilin altında dahilərdən tezislər yazılıb. Həmin tezislərdə uşaqlara aid maraqlı nüanslar var və bu, olduqca maraqlıdır".

 

Xalq rəssamı Ağəli İbrahimovun sözlərinə görə, həyatda bəzi məqamları rəssamlar deyil, fotoqraflar daha yaxşı görür: "Dünyanın elə bir yeri yoxdur ki, orada rəngkarlıq, foto işləri olmasın. Həyatda bəzən elə məqamlar var ki, onu rəssamlar görə bilmir, amma onu fotoqraflar foto vasitəsilə canlandıra bilirlər. Ölkəmizdə foto sənəti yüksək səviyyədə inkişaf edib və hər kəsi bu sərgi ilə tanış olmağa  çağırıram".  

 

Həvəskar fotoqrafın əsərlərinin nümayiş olunduğu sərginin əsas məqsədi uşaqların böyüdüyü ailə dəyərlərinin qorunması, onların xoşbəxt gələcəklərinin təmin edilməsidir.

 

Əsərləri sərgilənən İrina Abdullah bu fotolar vasitəsilə cəmiyyətə müəyyən mesajlar göndərdiyini deyir: “Çalışmışam ki, bu fotolar vasitəsi ilə cəmiyyətə bir mesaj göndərim. Bu şəkillərin hər birində uşaqların daxili dünyası, uşaqların həyata baxışları, ailə dəyərlərinin qorunması, hər bir uşaqın gözündə daima gülüşün olması təbliğ olunub. Hər zaman uşaqlar bizim gələcəyimizdir deyirik. Ona görə də gələcəyimizi düzgün yolla, düzgün ruhda tərbiyə etməliyik”.

 

Sərgiyə gələnlər isə fotoların hər birində fərqli aləmin olduğunu, gerçəkliklə xəyal dünyasının bir araya gəldiyini deyir. Aparıcı Rövşanə Bektaşın sözlərinə görə, hər kəs uşaqların iç dünyasını açmağa qadir deyil: “Uşaqların gözündə həyat eşqi, uşaqların gözündə xoşbəxt olmaq arzusu  uşaqların gözündən oxunur və müəllif bunu göstərə bilib.  Müxtəlif sərgilər olur. Amma hər kəs uşaqların iç dünyasını aça bilmir. Ən əsası odur ki, fotoqraf şəkildəki özəlliyi tamaşaçıya çatdıra bilib".

 

Sərgini izləməyə gələn Azər Cəfərli belə sərgilərin təşkilinə hər zaman ehtiyac olduğunu bildirib: “Bu gün ölkəmizdə belə istedadlı insanların sərgilərinin keçirilməsinə ehtiyac var. Adətən belə sərgilər o qədər də işıqlandırılmır. Çox şadam ki, bu gün bu sərgiyə maraq böyükdür. Hər kəsə buradan səslənirəm ki, gəlib baxsınlar, uşaqları daha yaxından duysunlar".

 

Sərgidə üzlərində müxtəlif emosiyalarla dolu balacaların şəkilləri ilə yanaşı bir insanın da fotosu da var. O fotoda kiçik oğlu ilə görüntülənib. Fotoqrafın ailəsini əks etdirən bu foto sərgiyə gələn hər kəsin diqqət mərkəzində idi.

 

Əsərləri sərgilənən fotoqrafın həyat yoldaşı Amir Abdullayev bu fotonun tarixindən danışıb: “Bu foto oğlumla bərabər Fransada olanda çəkilib. Okeana yaxın bir yerdə dincəlirdik. Müəllifin çox sevdiyim rəsmlərindən biridir. O çox istedadlıdır. Ailə dəyərlərinin qorunmasına, uşağın tərbiyəsinə, böyüməsinə, uşaqla birbaşa qurulan ünsiyyətə  çox önəm verir. Bu fotoların hər birinə yüksək dəyər  verirəm".

    

Xeyriyyə məqsədi ilə açılan fotosərgi bundan sonra Türkiyə və Moskvada nümayiş olunacaq.

 

3 gün davam edəcək sərgidən əldə olunan gəlir isə kimsəsiz və fiziki qüsurlu uşaqlara yardım məqsədilə istifadə olunacaq.

 

Müəllif | Apa.Tv