İki "Mercedes" qəzası, iki ölü
Goranboyda ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib. Dövlət Yol Polisi İdarəsindən APA TV-yə verilən məlumata görə hadisə, Bakı-Qazax magistral yolunun 332-ci kilometrliyində, rayonun Borsunlu kəndi ərazisində baş verib. Bakı şəhər sakini, 41 yaşlı Zaur İbrahimov idarə etdiyi “Mercedes ML” markalı avtomobili yolun sağına aşırıb. Hadisə zamanı avtomobildə olan sərnişin, 46 yaşlı Cabir Camalov yerindəcə ölüb, sürücü Zaur İbrahimov isə ağır bədən xəsarəti ilə Bakıdakı xəstəxanaların birinə aparılıb. Hadisəyə səbəb avtomobilin yüksək sürətlə hərəkət etməsi olub.
Ölümlə nəticələnən daha bir yol nəqliyyat hadisəsi Şəmkirdə baş verib. Rayonun Şiştəpə kəndi ərazisində kənd sakinləri, 23 yaşlı Elvin Həsənovun idarə etdiyi “Mercedes” markalı avtomobillə, 40 yaşlı Qəhrəman Hüseynovun idarə etdiyi “VAZ 2106” markalı avtomobil toqquşub. Hadisə zamanı "VAZ 2106"-nın sürücüsü yerindəcə ölüb, digər sürücü, "VAZ 2106"-da olan sərnişinlər 22 yaşlı Xəzər Ziyadov və 46 yaşlı Asif Quliyev müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şəmkir rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Onların vəziyyəti orta ağır qiymətləndirilir. Polisdən verilən məlumata görə, hadisəyə yüksək sürət səbəb olub.
Hər iki faktla bağlı araşdırma aparılır.