Karate üzrə milli komandamızın baş məşqçisi: "Prezidentin etimadını doğrultduq"
"Yarışdan qabaq bizə demişdilər ki, proqnozlarınız necədi? Biz isə təxmini demişdik ki, 1 qızıl, 1 gümüş, 1 bürünc medal qazana biləcəyik".
Karate üzrə Azərbaycan millisinin baş məşqçisi Rəhman Hətəmov APA TV-yə açıqlamasında bildirib ki, nəticə gözləniləndən də yüksək olub - 4 qızıl, 2 bürünc medal. Baş məşqçi deyib ki, bu yarış Azərbaycanın idman tarixində ən önəmli hadisələrdən biri olmaqla yanaşı, ölkədə karate idman növünün inkişafına böyük təkan oldu: “Şükürlər olsun ki, idmançılarımız bu imtahandan layiqincə çıxdılar. İlk növbədə ölkə başçısı İlham Əliyevə çox minnətdarıq ki, şəxsən onun təşəbbüsü ilə karate idman növü Avropa Oyunlarına daxil oldu. Bu, bizə olan etimad idi və biz bu etimadı doğrulduq".
Azərbaycan idman tarixində karateçilərimizin də öz imzaları olduğunu deyən məşqçi bildirib ki, yarışa çıxan bütün idmançılarımızın yalnız bir məqsədi olub - doğma divarlar arasında qələbə qazanmaq idi. Rəhman Hətəmov deyib ki, hazırda karate yarışlarının bitməsindən bir neçə gün keçməsinə baxmayaraq, karateçilərimiz 2017-ci ildə Bakıda keçiriləcək İslam Həmrəyliyi Oyunlarına hazırlıq barədə düşünürlər.
Bürünc medal qazanaraq 3-cü yerə çıxan İlahə Qasımovanın məşqçisi Cahangir Babayev isə qeyd edib ki, I Avropa Oyunlarında O, İlahədən qızıl medal gözləyib. Lakin gərgin keçən oyunlarda İlahə bürünc medalla kifayətlənməli olub: "Əslində biz İlahədən qızıl medal gözləyirdik. Amma rəqiblərimiz dünya çempionları və çox təcrübəli idmançılar idi. Biz bu yarışa çox ciddi hazırlaşmışdıq. Qismət isə üçüncü yer oldu. Biz gələcəkdə İslam HƏmrəyliyi Oyunlarına və dünya çempionatına bütün qüvvəmizlə hazırlaşacağıq. Çalışacağıq ki, qalib olaq".
İlahə Qasımovanın yığma komandamız üzrə Avropa Oyunlarının ilk medalçısı kimi tarixə düşdüyünü deyən Cahangir Babayev hesab edir ki, idman yarışlarında tamaşaçıların dəstəyi həddindən artıq önəmlidir və karateçilərimiz bütün yarışlar boyu bu dəstəyi görüblər.