Anjela Doroqan: “Azərbaycan bayrağını ucalda bildiyimə görə sevincliyəm”
“Bu, mənim həyatımda ilk medalımdır. Çox xoşbəxtəm ki, qalib gəldim”. APA TV-nin məlumatına görə, bu sözləri Avropa Oyunlarında 53 kiloqram çəki dərəcəsində qızıl medal qazanan qadın sərbəst güləşçimiz Anjela Doroqan deyib. Onun sözlərinə görə, qızıl medal qazanacağını ağlına belə gətirməyib: “Bu, mənim həyatımda ilk medalımdır. Çox xoşbəxtəm ki, qalib gəldim. Qızıl medal qazanacağımı heç düşünmürdüm. Xoşbəxtəm ki, mən də tarix yaza bildim. Mən Bakıda Avropa Oyunlarında finalda layiqli mübarizə apara və sonda Azərbaycanın bayrağını ucalda bildim”.
Doroqanın sözlərinə görə, ilk dəqiqələrdə çətinlik çəksə də sonradan bütün gücünü toplayıb və rəqibini məğlub edib: “Görüşün ilk dəqiqələrində tərəddüd içərisində idim, sonra özümü toparladım və qarşıma məqsəd qoydum ki, qızıl medalı əldən verməyəcəyəm”.
Qazandığı qızıl medalını valideynlərinə və məşqçisinə həsr edən çempionumuz oyundan sonra emosiyalara qapıldığını deyir: “Sevincimdən nə etdiyimi də bilmədim. Sadəcə tullanıb düşürdüm. Gələn dəfə çempion olarsam, Azərbaycan himnini mütləq səsləndirəcəyəm. Bu dəfə qalib olacağımı gözləmirdim”.
Qalib idmançımız Olimpiya Oyunlarına lisenziya qazanmaq üçün əlindən gələni əsirgəməyəcəyini deyib.