Riçard Morniqstar: " Azərbaycan müdafiə sahəsində güclü tərəfdaşımızdır"
Yeni təyin olunmuş amerikalı həmsədr Cim Uorlik çox tezliklə bölgəyə səfər edəcək. Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı səfir Riçard Morniqstar bu səfəri səbirsizliklə gözləyir: "Mən səfir Cim Uorliki çox yaxşı tanıyıram. İnanıram ki, o, əla həmsədr olacaq. O, sırf bu məsələ ilə məşğul olacaq. Dövlət katibi Con Kerrinin dediyi kimi, o, birinci dərəcəli yüksək bacarığa malik diplomatdır. Onun Əfqanıstandakı fəaliyyəti ilə bağlı zəngin təcrübəsi var. O, bu bölgə üzrə xüsusi nümayəndənin müavini işləyib. Yeni həmsədr Əfqanıstanla ikitərəfli təhlükəsizlik sazişində bizim aparıcı danışıqlar üzrə mütəxəssisimiz olub. Cənab Uorlik kreativdir, əməksevərdir və hesab edirəm ki, o, öz işinin öhdəsindən bacarıqla gələcək".
Səfir Azərbaycanın müdafiə naziri Səfər Əbiyevin Pentaqon səfəri və iki ölkə arasında müdafiə sahəsindəki əməkdaşlıqdan da danışdı. O, bu səfəri iki ölkə arasında müdafiə sahəsindəki əməkdaşlığın yaxşı səviyyədə inkişafının göstəricisi kimi qiymətləndirdi: "Azərbaycan müdafiə sahəsində bizim güclü tərəfdaşımızdır. Eyni zamanda bizim müdafiə sahəsində daha dərin əməkdaşlıq üçün imkanlarımız var. Xüsusilə Əfqanıstana və oradan geriyə qoşunların daşınmasında Azərbaycanın vacib nəqliyyat marşrutu kimi önəmli rolunu qeyd etmək istəyirəm. Həmçinin, ölkənizin 2014-cü ildə beynəlxalq təhlükəsizlik qüvvələrinin Əfqanıstandan çıxarılmasından sonra da həmin ölkəyə köməklik göstərməsi barədə öz üzərinə götürdüyü öhdəliyi yüksək qiymətləndiririk".
Riçard Morninqstar Azərbaycanla müdafiə sahəsində əməkdaşlığın digər qollarını da qeyd edərək birgə təlimlərin keçirilməsini, NATO standartlarına uyğunlaşmanı və Azərbaycanla NATO arasında əməkdaşlığı xüsusi qeyd etdi. Səfir Azərbaycanla-ABŞ arasında enerji sahəsində əməkdaşlığa da toxundu. O, Şahdəniz tərəfdaşları, o cümlədən Dövlət Neft Şirkətinin bu yaxınlarda Azərbaycan qazını Türkiyədən keçməklə Avropaya Cənub dəhlizi vasitəsi ilə nəqli üçün TAP layihəsini seçməsini dəstəklədiklərini vurğuladı: "Nəqletmə qabiliyyəti genişləndiriləcək. Biz istəyirik ki, qaz nəql olunan ölkələr arasında bəzi Balkan ölkələri də olsun. Bunların arasında Albaniya, Xorvatiya və Bolqarıstan da var. Biz, həmçinin TANAP layihəsini də dəstəkləyirik".
Səfir, Azərbaycan hökuməti və Dövlət Neft Şirkəti ilə lazım gələrsə, bu məsələlərdə müzakirələr aparmağa və əməkdaşlıq etməyə hazırıq deyir.