Süleyman Dəmirəl vəfat etdi
Türkiyə Cümhuriyyətinin 9-cu prezidenti Süleyman Dəmirəl dünyasını dəyişib.
APA TV-nin məlumatına görə, 91 yaşlı siyasətçi bu gecə Bakı vaxtı ilə saat 04.05-də nəfəs yolu infeksiyası və ürək çatışmazlığından vəfat edib.
Sami Süleyman Gündoğdu Dəmirəl 1924-cü il noyabrın 1-də İsparta vilayəti Atabey rayonunun İslamköy kəndində dünyaya gəlib. 1993-2000-ci illərdə Türkiyənin 9-cu prezidenti olub. 1965-1993-cü illərdə 7 fərqli hökumətin 10 il 5 ay baş naziri olub.
İsmət İnönü və Rəcəb Tayyib Ərdoğandan sonra ən uzun müddət baş nazir olmuş siyasətçidir. 31 yaşında baş direktor, 40 yaşında partiya sədri, 41 yaşında baş nazir olub. Türkiyənin çoxpartiyalı sistemə keçməsindən sonra ölkədə ən çox hökumət quran siyasətçi ünvanına sahibdir. Fərqli vaxt və partiyalarda 7 dəfə hökumət quraraq 7 dəfə baş nazir olub.
1964-cü ildə "Ədalət" partiyasının rəhbəri, 1965-ci ilin fevral ayında baş nazirin müavini və həmin ilin oktyabr ayında baş nazir vəzifələrində çalışıb. Onun tələbələrin iğtişaşı, vətəndaş anarxiyası, sol təmayüllü qüvvələrin təbliğatı və siyasi terrorizmə qarşı uğursuz cəhdləri 1971-ci ildə sağ təmayüllü hökumətin istefası ilə nəticələnib.
1975-1980-cı illərdə o, yenidən fasilələrlə koalisiya hökumətinin baş naziri vəzifəsində çalışmağa başlayıb.
1980-ci ildə vətəndaş hərc-mərcliyi silahlı çevrilişlə nəticələndiyi zaman (1980-1983) Süleyman Dəmirəl siyasətdən sıxışdırılıb çıxarılıb, 1987-ci ilədək isə siyasətdən tam uzaqlaşdırılıb. 1987-ci ildən o, Doğru Yol Partiyasının rəhbəri seçilib.
1990-1993-cü illərdə Süleyman Dəmirəl yenidən baş nazir seçilib, 1993-2000-ci illərdə Türkiyə Cümhuriyyətinin prezidenti olub.
Türkiyə Cümhuriyyətinin 9-cu prezidenti Süleyman Dəmirəl 29 oktyabr 1999-cu il tarixdə Azərbaycan İnşaat Mühəndisləri Universitetinin fəxri doktoru seçilib.
1 noyabr 2013-cü ildə Türkiyə ilə Azərbaycan arasında dostluq əlaqələrinin möhkəmləndirilməsində xüsusi xidmətlərinə görə Türkiyə Cümhuriyyətinin 9-cu Prezidenti Süleyman Dəmirəl “Şərəf” ordeni ilə təltif edilib.
Allah rəhmət eləsin!