Uşaq evlərinin sakinləri və daun sindromlu uşaqlar üçün şənlik təşkil olunub
Heydər Əliyev Fondunun təşəbbüsü ilə “Bakı-2015” Birinci Avropa Oyunları çərçivəsində uşaq evləri və Daun Sindromlu Uşaqların Reabilitasiya Mərkəzinin balaca sakinləri üçün şənlik təşkil olunub.
APA TV-nin xəbərinə görə, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva şənlikdə iştirak edib.
Uşaqları “Bakı-2015”-in rəmzləri Nar və Ceyran qarşılayıb. Şənlikdə Nizami rayonundakı 1 nömrəli, Xətai rayonundakı 3 nömrəli, Suraxanı rayonundakı 2 nömrəli uşaq evlərinin və Daun Sindromlu Uşaqların Reabilitasiya Mərkəzinin sakinləri iştirak edib.
Leyla Əliyeva ətrafına toplaşan uşaqların sevincini bölüşüb, onlarla səmimi söhbət edib. Bununla da xeyriyyəçiliyi, böyüməkdə olan nəslin hərtərəfli qayğı ilə əhatə olunmasını, müxtəlif humanitar aksiyaları fəaliyyətinin prioritet istiqamətləri müəyyən edən Heydər Əliyev Fondu paytaxtdakı uşaq müəssisələrinin sakinlərinə növbəti dəfə unudulmaz bir gün yaşadıb.
Həmişə olduğu kimi, bu dəfə də Fond uşaqlarla görüşə əliboş gəlməyib. Hər uşağa Heydər Əliyev Fondunun hədiyyələri təqdim edilib. Bu hədiyyələr arasında Birinci Avropa Oyunlarının suvenirləri də olub. Leyla Əliyeva ətrafına toplaşan uşaqlarla birlikdə rəqs edib, söhbətləşib, fotolar çəkdirib.
Bu tədbir həm də ölkəmizin balaca sakinlərinin Birinci Avropa Oyunlarına dəstəyi olub. “Bakı-2015”-in atributlarını üzərində daşıyan balacalar Avropa Oyunlarının əhval-ruhiyyəsinə köklənərək, öz aralarında qısa məsafəyə qaçış üzrə yarışda da iştirak ediblər. Uşaqlar üçün müxtəlif oyunlar, Avropa Oyunları ilə bağlı viktorinalar keçirilib. Qaliblər Heydər Əliyev Fondunun hədiyyələri ilə mükafatlandırılıblar.