İŞİD İraqda təhlükəsizlik qüvvələrinin 10 əməkdaşını öldürdü
Ötən gün "İraq Şam İslam Dövləti" (İŞİD) terror təşkilatının üzvləri İraqda təhlükəsizlik qüvvələrinin 10 əməkdaşını öldürüb.
APA TV "Reuters"ə istinadən xəbər verir ki, hadisə İraqın qərbindəki Ənbar əyalətində baş verib.
Terrorçuların Fəlluca şəhərindəki hücumu nəticəsində 5 polis əməkdaşı həlak olub, daha 6 asayiş keşikçisi isə yaralanıb. Əbu Qureyb şəhərində isə İŞİD üzvlərinin zirehli maşına hücumu zamanı 1 əsgər ölüb, 4 hərbçi yaralanıb. Qarma şəhərində terrorçu-kamikadze özünü avtomobildə partladıb, 4 hərbi qulluqçu həlak olub.
İraq və Suriyanın əhəmiyyətli ərazisini ələ keçirən İŞİD-in geniş ekspansiyası dünyada son iki ilin əsas probleminə çevrilib. ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin hesablamalarına görə, təxminən 30 min silahlının birləşdiyi qruplaşma ələ keçirdiyi ərazilərdə xilafət elan edib və işğal etdiyi əraziləri genişləndirməyə can atır. Mayda İŞİD Ənbar əyalətinin inzibati mərkəzi, strateji cəhətdən vacib Ər-Rəmadi şəhərini ələ keçirib. Hazırda terrorçular əyalətin əhəmiyyətli hissəsini, o cümlədən qonşuluqda yerləşən və inzibati mərkəzi Mosul olan Neynava əyalətini nəzarət altında saxlayır. Mayın sonlarında İraq ordusu və könüllü dəstələri Ənbar əyalətinin azad edilməsi üçün əməliyyata başlayıb.
ABŞ ötən ildən müttəfiqləri ilə birlikdə terrorçuların mövqelərinə zərbələr endirir. Ər-Rəmadi şəhərinin süqutundan sonra isə müttəfiqlə İraq ordusuna silah və sursat yardımını artırıblar.