Çürüyən uşağın özü və anası danışdı

Məmmədovlar ailəsinin bəxti əvvəldən gətirməyib. Əslən ağdamlıdırlar. Və deməli nə zamansa yaşadıqları evləri işğal altındadır. Ancaq sığınıb yaşadıqları balaca koma da elə sərhəd zonasındadır. Buna birtəhər dözürdü bu ailə. İlk övladlarının doğulmasından üç gün keçənə qədər...

 

14 il əvvəl ilk oğul övladları dünyaya gəldi bu ailədə. Adını Akif qoydular - çalışqan, məqsədyönlü deməkdir bu söz. Ancaq adını doğrulda bilmədi Akif. Daha doğrusu alın yazısımı, talemi ona fürsət vermədi.

 

Bədənində yaralar əmələ gəlirdi hər gün bir az da artırdı. Onun bədənində yaralar artır, valideynlərinin ürəyində dərd  böyüyürdü. Akifin yaşı da artırdı yaralarla birgə.

 

Dünyaya onunla birgə gələn bu yaralar bədəninin çürüməsinə səbəb olurdu.

 

Akifin 10 yaşı olanda dünyaya gələn, indi artıq 4 yaşı olan bacısı Dilarə də dünyaya yaralarla  göz açıb. Akif indi orta məktəbin 9-cu sinfində oxumalıdır. Amma cəmi bircə dəfə məktəbə gedib, 1-ci sinfin əlifba bayramında, onda da atasının qucağında.

 

Bir həftə əvvəl isə ataları Zaur Məmmədov infarktdan dünyasını dəyişib.

 

Deməyə söz tapmır adam. Sözün qurtardığı yer bəlkə də bu uşaqların sərhəd bölgəsində yaşadıqları o komadır...

 

Akif həkim olmaq arzusundadır. Özüdə uşaq həkimi: "Arzum sağalıb vətənə xidmət etməkdir. Bütün imkanlı şəxslərdən xahiş edirəm ki, kömək etsinlər. Həkim olmaq istəyirəm. Uşaqları sağaltmaq istəyirəm".

 

İndi hamının gözü qarşısında çürüyən bu uşaqları o komadan götürüb Bakıya gətiriblər. Anaları "onların çürüyən bədənləri ilə mənim də ümidlərim çürüyür deyir". Özünün dediyi kimi indi uşaqlarının çürüyən ömrü ilə ümidləri də çürüyür. Bir yandan da maddi sıxıntılar yorub bu ailəni: "Oğlumda doğulandan 3 gün, qızımda 3 ay sonra başladı. Ayaqlarında tuluq əmələ gəldi. Elə bil çay tökülüb. Çox həkimə apardıq. Deyirdilər, irsi xəstəlikdir, 5 yaşında keçəcək, 10 yaşında keçəcək. Amma indi 14 yaşı var".

 

Hazırda 3 saylı uşaq dəri-zöhrəvi xəstəxanasına yerləşdirilən uşaqların vəziyyəti ağırdır. Həkim Rəna Əliyeva vəziyyətin ürəkaçan olmadığını deyir: "Bulyoz epidermoliz irsi xəstəlikdir. Hər bir xırda zədədən sonra dəri örtüyündə selikli qişalarda qoğular əmələ gəlir. Sonra eroziya əmələ gəlir. Bu eroziyalar çox çətinliklə sağalır. İndi uşaqların vəziyyəti çox ağırdır. Bu xəstəliyin ağır formasıdır. Çünki, dəridən başqa daxili orqanlar da zədələnib".

 

Ana isə ümidlərini hələ də üzmür: "Pul istəmirəm, bircə istəyirəm uşaqlar sağalsın. Sadəcə güclü həkim istəyirəm. Axı bilmirəm ki, bunun xaricdə harada müalicəsi var, nə qədər xərci var. Elə bir həkim olsun ki, çıxıb desin mən onu sağalda bilərəm. Uşaqlar məndən hər gün nə vaxt sağalacaqlarını soruşurlar. Kim istəməz ki sağalsınlar. İstəyirəm, sağalıb tay-tuşları ilə oynasınlar".

 

14 yaşı var bu yaraların. Atası Zaur Məmmədov da cəmi 14 il dözə bildi. Tanrı bu uşaqlara da, bu anaya da dözüm və ümid versin. Daha yaxşı günlərin qarşıda olmasına ümidləri heç zaman ölməsin...

 

 

Müəllif | Apa.Tv