Bakı-2015: Beşinci günün lideri Rusiya, ikincisi Azərbaycan oldu
Bakı-2015 I Avropa Oyunlarının beşinci günündə 21 dəst medalın sahibi müəyyənləşib.
APA TV-nin məlumatına görə, dünən hesabına 3 mükafat əlavə edən Azərbaycan yığmasının aktivindəki medalların sayı 19-a çatıb.
8 qızıl, 3 gümüş və 8 bürüncü olan yığmamız həm qeyri-rəsmi komanda hesabında, həm də ümumi medal sayında 2-ci pillədə qərarlaşıb.
Medal sıralamasında lider Rusiyadır. Yarışın 4-cü günündə zirvəni ələ keçirən şimal qonşularımızın hesabında 22 mükafat var. Bunların 12-si qızıl, 5-i gümüş, 5-i bürüncdür.
Hesabında 7 qızıl, 1 gümüş və 5 bürünc olan Macarıstan millisi 3-cü pilləyə yüksəlib. Belarus, Almaniya və Türkiyə yığmaları da ilk “altılıq”da qərarlaşıb.
Rusiya Federasiyası qadın idmançıların qazandığı medalların sayına görə də liderliyi ələ alıb. Bu ölkənin 13 qadın idmançısı fəxri kürsüyə qalxıb. Bu sıralamada 2-ci yeri Macarıstan yığması tutur. Yarışların ilk beş günündə 7 macar qadın idmançı medal qazanıb. 6 qadın üzvü Avropa Oyunlarının mükafatını qazanan Azərbaycan millisi üçüncü pillədədir.
Qeyd edək ki, Bakı-2015-in ilk beş günündə ümumilikdə 199 - 60 qızıl, 60 gümüş, 79 bürünc medal oynanılıb. 36 ölkə təmsilçisi medal qazanıb ki, onlardan 17-si çempionluq sevinci yaşayıb.