Xetaq Qazyumov Azərbaycana 10-cu qızıl medalı qazandırdı! - VİDEO
Sərbəst güləşçimiz, 97 kiloqram çəki dərəcəsində mübarizə aparan Xetaq Qazyumov Avropa Oyunlarının qalibi olub. Gün ərzində ard-arda polyak, moldovalı, belaruslu və rusiyalı rəqiblərini məğlub edən Qazyumov finalda Gürcüstan güləşçisi Elizbar Odikadze ilə qarşılaşıb. İlk hissəni rəqibin passiv güləşməsi hesabına qazandığı xal hesabına qalib başa vuran güləşçimiz ikinci hissəyə ehtiyatla başlayıb. Gürcüstan güləşçisi passiv xal qazanaraq hesabı bərabərləşdirdikdən sonra Xetaq Qazyumov fənd işlədərək aktivinə daha iki xal yazdırmağı bacarıb. Bundan sonra tərəflər xal qazana bilməyib və görüş 3:1 hesabı ilə Xetaq Qazyumovun xeyrinə başa çatıb. Bununla da Qazyumov Azərbaycana Avropa Oyunlarında sayca 10-cu qızıl medalı qazandırıb.
Qeyd edək ki, sərbəst güləş üzrə yarışlar sabah başa çatacaq. Son 4 çəkinin qalibi sabah bilinəcək.