23-cü medal! Taekvondoda ilk qızıl medal AYXAN TAĞIZADƏDƏN!
Azərbaycan taekvondoçuları Avropa Oyunlarında ilk qızıl medalı qazanıblar. Kişilərin yarışında 68 kiloqram çəki dərəcəsində mübarizə aparan Ayxan Tağızadə finalda Polşa təmsilçisi Karol Robakla üz-üzə gəlib. İlk iki hissədə hesabda geri olan taekvondoçumuz üçüncü hissədə ard-arda dəqiq zərbələr endirərək rəqibi üstələyib. Lakin görüşün sonunda polşalı idmançı hesabı bərabərləşdirməyə nail olub. 9-9 hesabı ilə bitən final görüşündə əlavə hissə təyin edilib. Əlavə hissədə dəqiq zərbə ilə xal qazanmağa müvəffəq olan Ayxan Tağızadə qızıl xal hesabına qələbəsini rəsmiləşdirib. Bununla da taekvondoçumuz Azərbaycan yığmasına 11-ci qızıl medal qazandırıb. Bu qələbə ilə Azərbaycan idmançılarının qazandığı medalların sayı 23-ə çatıb.