Toğrul Əsgərov: “Qazandığım qələbəni Azərbaycana həsr edirəm”
“Bu gün keçiriləcək görüşlərə çox güclü hazırlaşmışdım”. Bu fikirləri Avropa I Avropa Oyunlarında 65 kq çəki dərəcəsində qızıl medal qazanan Toğrul Əsgərov deyib. Öz çəkisində rəqib tanımayan sərbəst güləşçimiz son iki ildə uğursuzluq yaşadığını xatırladıb:
“Həqiqətən çox çətin oldu. İki ildən artıqdır uğursuzluq yaşayırdım. Avropa və dünya çempionatlarında uğursuzluğa düçar oldum. Bu gün üçün çox güclü hazırlaşırdım. İstəyim, məqsədim o idi ki, I Avropa Oyunlarında qızıl medal qazanım”.
Toğrul Əsgərov qazandığı qələbəni Azərbaycan dövlətinə həsr etdiyini deyib:
“Olimpiya Oyunlarında, dünya çempionatında qələbə qazanmağa mənim potensialım çatır. 19 yaşımda Olimpiya çempionu olmuşam. Mənim yolum uzundur. İki il uğursuzluq oldu. Dizimdən əməliyyat olundum. Bir il döşəkdən kənarda qaldım. Bu bir ildə özümü toplamaq çətin oldu”.
Qeyd edək ki, I Avropa Oyunlarında 65 kq çəki dərəcəsində mübarizə aparan Toğrul Əsgərov qızıl medal uğrunda görüşdə İtaliya təmsilçisi Frank Kamizo Marquesi məğlub edib.