Ayxan Tağızadə: “Vətəndə uduzmaq olmazdı”
“Ümidləri doğrultdum. Taekvondo üzrə ilk qızıl medalı mən qazandım”. Bu fikirləri I Avropa Oyunlarının qızıl mükafatçısı, taekvondoçu Ayxan Tağızadə deyib.
68 kq çəki dərəcəsində bütün rəqiblərinə qalib gələrək, fəxri kürsünün ən yüksək pilləsinə çıxan idmançımız sevinc hisslərini bölüşüb.
“Mənə ümidlər böyük idi. Etimadı doğrultdum. Hamıya təşəkkür edirəm. Cənab prezidentimiz İlham Əliyevə, Taekvondo Federasiyasının prezidenti Kəmaləddin Heydərova, şəxsi müəllimim, atam Əvəz Tağıyevə, baş məşqçim Reza Mehmandosta təşəkkür edirəm. Final döyüşüm çətin keçdi. Amma Vətəndə uduzmaq olmazdı. Azarkeşləri sevindirdim. Yarışın Azərbaycanda keçirilməsi məsuliyyətli daha da artırırdı. Buna görə də, bütün gücümü sərf edərək, qalib gəldim. Baş məşqçimin taktikasına uyğun hərəkət etdim və qızıl medal qazandım”.
Qeyd edək ki, 68 kiloqram çəki dərəcəsində mübarizə aparan Ayxan Tağızadə finalda Polşa təmsilçisi Karol Robakı məğlub edib.