"Detroit Electrik" idman avtomobili Avropada ilk dəfə Bakıda təqdim olundu

"Bakı-2015" Birinci Avropa Oyunları çərçivəsində "Azərbaycan Evi"ndə "Detroit Electrik" idman avtomobilinin Avropada ilk təqdimatı keçirilib.

 

"GreenCar" MMC-nin İDEA İctimai Birliyinin dəstəyi ilə həyata keçirdiyi ekoloji tədbirlər çərçivəsində keçirilən təqdimat ilk dəfə Bakıda baş tutub. Avtomobilin Bakıdan sonra Avropanın müxtəlif şəhərlərində təqdimatı keçiriləcək.

 

Artıq avtomobilləriniz təkcə yanacaqla deyil, elektriklə də işləyəcək. Maraqlısı da odur ki, biz bu yeniliyi Bakıda da görə biləcəyik. 285 at gücünə malik olan bu avtomobillə bir dəfəyə 320 kilometr yol getmək olar. Elektrik enerjisi yığmasına isə cəmi 15 dəqiqə vaxt lazımdır.

 

"Detroit" şirkətinin AVropa və Orta Şərq üzrə korporativ satış müdiri Niltje Byujs bildirib ki, bu avtomobilləri müxtəlif rənglərdə sifariş vermək mümkündür. Elektrik avtomobilinin tavanı çıxarıla bilir. Tamamilə əl işi olan bu maşınları avtomatik və mexaniki olaraq sifariş vermək olar. Həmçinin mobil telefonla avtomobildən uzaqda olduqda belə, onun nə qədər enerjisi olduğunu öyrənmək mümkün olacaq. Artıq sifarişləri qəbul etdiyini deyən şirkət nümayəndəsi bu avtomobildən 999 ədəd istehsal olunacağını bildirib. Avtomobilin ilkin qiyməti 135 min dollar olacağı ehtimal edilir.

 

Tədbirdə "GreenCar", İDEA və "Azərişıq" tərəfindən başladılmış üçtərəfli əməkdaşlığa başlamaq qərarına gəlinib.

 

İDEA İB-nin layihə koordinatoru Fərid Cəfərov deyib ki, davamlı inkişaf elektriklə işləyən nəqliyyat vasitələrini, velosipedi, qayıqları və sair özündə birləşdirir: "Bu cür konsepsiyanın Azərbaycanda tətbiq olunması yanacaq mühərrikli avtomobillərin ekologiyanın çirklənməsinə törətdikləri təhdidlərin qarşısını almaq üçündür".

 

Fərid Cəfərov bildirib ki, artıq paytaxtın müxtəlif yerlərində elektrik avtomobillərinin enerjidoldurma cihazları quraşdırılıb: "İyun ayından bu yanacaqdoldurma məntəqələrinin quraşdırılmasına başlanıb. İlkin olaraq Heydər Əliyev Mərkəzi və "Park Bulvar"ın parkinqində, eləcə də iri ticarət mərkəzlərinin parkinqində var. Biz paytaxtın müxtəlif ərazilərində, həmçinin respublikanın bir çox yerlərində belə şarj məntəqələrinin quraşdırılmasını planlaşdırırıq".

 

Təqdimat mərasiminə Birinci Avropa Oyunlarının medalçıları da qatılıb. Onlar Avropada ilk dəfə təqdim olunan avtomobili böyük maraqla qarşılayıblar.

 

Müəllif | Apa.Tv