Bakı-2015: İkinci qardaş da ermənidən güclü oldu
Bu gün Bakı-2015-də sərbəst güləş yarışları davam edib. APA TV-nin məlumatına görə, 61 kq çəki dərəcəsində Azərbaycan güləşçisi Hacı Əliyev tatami üzərinə çıxıb.
Avropa Oyunlarını 5-ci pillədə başa vuran və 1/4 finalda erməni Qarik Barsekyanı məğlub edən Yaşar Əliyevin qardaşı olan Hacı Əliyev də işğalçı ölkənin təmsilçisi ilə qarşılaşıb.
Avropa və dünya çempionumuz ilk cəhdindəcə Volodya Franqulyanla münasibətinə aydınlıq gətirib və o da qardaşı kimi erməniyə öz gücünü göstərib. 1/8 final mərhələsinə təsadüf edən görüşdə Hacı Volodyanı 3:0 hesabı ilə darmadağın edib. Əliyev 1/4 finalda slovakiyalı Mikola Bolotnyukla güləşəcək.