Avropa Oyunları 50 iştirakçı ölkənin 45-də yayımlanır
“Dünən 13 idman növü üzrə oyunlar keçirilib. Tamaşaçı sayı həddindən artıq olub”. APA TV-nin məlumatına görə, bunu Bakı-2015 I Avropa Oyunları Əməliyyatlar Komitəsinin Əməliyyatlar üzrə baş direktoru Saymon Kleq deyib.
Onun sözlərinə görə, 19 oyunu 32 mindən çox tamaşaçı izləyib. Bu da ilk gündən bəri rekord göstəricidir: "Xüsusilə gimnastika arenasında 4 yarış keçirilib. İlk dəfə beynəlxalq tədbir çərçivəsində bir idman növü üzrə 4 yarış keçirildi. Bu gün şose velosipedi üzrə yarış olacaq. Açılış mərasimindən sonra Olimpiya stadionu yarışlar üçün tam hazırdır. 75 idmançı hazırda Mingəçevirdədir. 71 idmançı qızıl medal qazanıb. Bu gün 16 dəst medal oynanılacaq".
Son iki gündə tamaşaçı sayının artdığını deyən Saymon Kleq deyib ki, ötən gün güləş yarışlarını seyr edib. Ordakı ab-hava hər kəsi məmnun edib.
Yayım məsələlərinin Oyunların uğur hekayələrinin əsasında dayandığını deyən Saymon Kleq bildirib ki, komitə yayım və marketinq işinə sıfırdan başlayıb: "Fikrimcə, bu, uğurlu alınıb. Oyunlar Şimali, Cənubi Amerika, Çin, Yaponiya, Hindistanda belə yayımlanır. Beynəlxalq İdman Yayımları Şirkəti keçən ilin əvvəlində seçilib. Biz 7 illik işi 2 ilə gördük. Bu şirkət bir il ərzində yüksək yayım şirkəti qurub”.
"Yayım şirkəti kimi məqsədimiz o idi ki, Avropa Oyunlarında 1000 saatdan çox yayım təşkil edək" deyən Beynəlxalq İdman Yayımları Şirkətinin prezidenti və icraçı direktoru Manolo Romero bildirib ki, hazırda 600 saatlıq çəkiliş aparılıb: "Nəticədə hesab edirəm ki, 1100 olacaq. Dünya üzrə şirkətlərə 800 saatdan çox yayım göndərmişik. Ümumilikdə Oyunlara böyük maraq var. Biz strategiyamızın məqsədlərinə çatmışıq və gözlədiyimizdən çox yayıma nail olmuşuq. Әsas hədəf Avropadır. İştirakçı 50 ölkədən 45-i bu oyunları işıqlandırır. 100 ölkə oyunları izləyə bilir. 30 ölkədə gündəlik olaraq Oyunlara 2 saat vaxt ayrılır. Ümumi rəy, o cümlədən yayımın keyfiyyəti ilə bağlı fikir çox müsbətdir. Yayımçılar məkanların təsvirlərinin keyfiyyətindən və oyunlardan məmnundurlar. Onlar deyirlər ki, bu, olimpiada səviyyəsində bir yarışdır".
Yayımçı şirkətin rəhbəri oyunları yayımlamayan ölkələrin Malta, İslandiya, Monteneqro, Makedoniya, Bosniya vә Herseqovina olduğunu deyib.