Bakı-Quba yolunun 10 km-lik hissəsi təmir olunur
Bakı-Quba-Rusiya Federasiyası dövlət sərhədi yolunda təmir işləri aparılır.
APA TV-nin şimal bürosunun verdiyi məlumata görə, təmir işlərinə Bakı istiqamətinə magistralın 74-cü km-də, Şabran rayonunun Gəndob kəndi ərazisindən keçən hissəsindən başlanıb.
Nəqliyyat Nazirliyi “Azəryolsevis” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Nəcəflinin verdiyi məlumata görə, təmir işləri yolun normadan artıq yüklənmiş və deformasiyaya uğramış 10 km-lik hissəsində aparılır. Təmir işləri ilə əlaqədar magistralın həmin hissəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılıb. Ərazidə tikinti işləri müvafiq plana uyğun aparılır.
Təmir olunan 10 km-lik ərazidə beton üzlük asfalt çəkiləcək. Bakı-Quba-Rusiya Federasiyası dövlət sərhədi avtomobil yolu 2009-cu ildə əsaslı yenidənqurmadan sonra istifadəyə verilib. Beton yolun uzunluğu 118 kilometrdir. Yol üzərində 21 ədəd körpü və yolötürücüsü tikilib.