Güləşçilərimizdən 4 bürünc medal şansı!
Avropa Oyunlarında sərbəst güləş yarışlarına bu gün yekun vurulur. APA TV-nin xəbərinə görə, Azərbaycan idmançıları 61, 70, 86 və 125 kiloqram çəki dərəcələrində mübarizə aparırlar. Yarışlara uğurla başlayan sərbəst güləşçilərimiz hər çəki dərəcəsi üzrə medal qazanmaq şansını saxlayır.
61 kiloqram çəki dərəcəsində mübarizə aparan Hacı Əliyev finala gedən yolda rusiyalı Aleksandr Boqomoyevə uduzub. Güləşçimiz bürünc medal uğrunda Türkiyə təmsilçisi Recep Aktaş Minurla qarşılaşacaq.
70 kiloqram çəki dərəcəsində Avropa çempionumuz Ruslan Dibirhacıyev də bürünc medal qazana bilər. Təsəlliverici görüşdə macar Zsombor Qulyaşı 4:2 hesabı ilə məğlub edən güləşçimiz üçüncü yer uğrunda gürcü David Tlasadze ilə mübarizə aparacaq.
86 kiloqram çəki dərəcəsində təmsilçimiz Nurmaqomed Hacıyev də təsəlliverici görüşü qələbə ilə başa vuraraq bürünc medal uğrunda mübarizə aparmaq şansı qazanıb. Vasile Zuz Tudoru 10:0 hesabı ilə məğlub edən sərbəst güləşçimizi bürünc medaldan yalnız bir görüş ayırır. Bu görüşdə Nurmaqomed Hacıyevin rəqibi polşalı Radoslav Marcinkyevicz olacaq.
125 kiloqram çəki dərəcəsində Avropa və dünya çempionatlarının mükafatçısı Cəmaləddin Maqomedov da ilk görüşlərə uğurla başlasa da, 1/8 finalda Türkiyə təmsilçisi Taha Akgülə məğlub olub. Lakin rəqib finala vəsiqə qazandığına görə Maqomedov təsəlliverici görüşlərə qatılmaq şansı qazanıb. Güləşçimiz bu şansı əldən verməyib və təsəlliverici görüşdə polyak Robert Baran üzərində 11:0 hesabı ilə təmiz qələbə qazanıb. Cəmaləddin Maqomedovun bürünc medal uğrunda görüşdə rəqibi Soslan Qaqloyev olacaq.
Qeyd edək ki, sərbəst güləş yarışlarının ilk günündə Toğrul Əsgərovla (66 kq) Xetaq Qazyumov (97 kq) qızıl, Cəbrayıl Həsənov (74 kq) isə bürünc medal qazanıb.