Ayxan Tağızadə: "Prezident telefonda dedi ki..."

Birinci Avropa Oyunlarında taekvondo üzrə ilk qızıl medal qazanan idmançımız Ayxan Tağızadə hələ də qələbə sevincini yaşayır. Təəssüratlarını APA TV ilə bölüşən Ayxan deyir ki, Vətənimizə qızıl medal gətirdiyi üçün özünü çox xoşbəxt hiss edir

 

"Vətənimizə qızıl medal qazandırmaq çox gözəl hissdir. Сənab prezidentin 1/4 finalıma baxması isə daha da qürurverici, sevindiricidir. Bütün döyüşlərimə Taekvondo Federasiyasının prezidenti Kəmaləddin Heydərovun baxması, vitse-prezidenti Niyaməddin müəllimin mənə medal verməsi... Hamıya "sağ olun" deyirəm. Hamısı çox sağ olsun ki, bizə qayğı göstərdilər".

 

Ayxan Tağızadənin sözlərinə görə, rəqiblərinin güclü olması əvvəl onu həyəcanlandırıb. Lakin aylarla davam edən gərgin məşq, inam və mübarizliyi onu bu qələbəyə yaxınlaşdırıb: "Birinci döyüş o birilərinə baxanda çox çətin keçmədi, ikinci döyüşdə Olimpiya çempionu ilə qarşılaşdım. 2012-ci ilin Olimpiya çempionu, ikiqat dünya və ikiqat Avropa çempionu ilə qarşılaşaraq 7:3 məğlub elədim. Sonra rusiyalı rəqiblə qarşılaşdım. Keçən il medal döyüşündə ona uduzmuşdum. Bu görüş də çətin idi. Şükürlər olsun ki, qələbə ilə ayrıldım".

 

Avropa Oyunlarının qalibi qızıl medal almasının səbəbini həm də baş məşqçi Rza Mehmandustun verdiyi taktikalardan düzgün istifadə etməsində görür: "Əsas kömək elə müəllimim Mehmandustdan gəldi. Yəni onun taktikasına uyğun hərəkət edirdim. Üçüncü raunda çıxanda mən artıq uduzurdum. Döyüşə çıxanda mənə elə taktika verdi ki, rəqibi məğlub etdim".

 

Oyundan sonra prezident İlham Əliyevlə telefonla danışan Ayxan ölkə başçısından təbrik alıb: "Heç ağlıma gəlməzdi ki. cənab prezident telefonda mənimlə danışsın. Mənim üçün çox sevindirici və qürurverici idi. Mənə dedi ki, sənin döyüşünə baxdım, peşəkar idmançı olduğuna əmin oldum. İnşallah, səni Rioda görəcəyəm. Dedi ki, bayrağımızı qaldırdın. Mən də dedim ki, borcumdur".

 

Hazırda hədəfinin 2016-cı ildə keçiriləcək Dünya Çempionatında iştirak olduğunu deyən Ayxan çempionluğu təkrarlayacağına söz verib.

 

Qeyd edək ki, Tağızadələr ailəsində taekvondo ilə məşğul olan təkcə Ayxan deyil. Qardaşı da taekvondoçudur. Atası, para-taekvondo üzrə millinin baş məşqçisi Əvəz Tağızadə həm də Ayxanın məşqçisidir: "Ayxan 3 yaşından məşğul olur. Gənclərlə yarışa təzə çıxıb və ümidlərimizi doğrultdu. Mən tələbələrimdən dəfələrlə dünya çempionu, Avropa çempionu yetişdirmişəm. Ancaq valideyn kimi bunu yaşamaq tamam başqa hiss imiş. Məndən çox anası sevindi. Məşqçisi kimi ona sərtəm. Amma evdə o, bizim sonbeşiyimizdir".

 

Əvəz Tağızadə deyir k, prezident İlham Əliyevlə danışandan sonra Ayxanın sevincinin həddi-hüdudu yox idi: "Mənə dedi ki, ay ata, mən o tərəfə baxa bilmirəm, prezident orada əyləşib, birdən yaxşı çıxış etmərəm. Ancaq qalib gəldi. Sonra prezidentə tərəf əyildi. Sonradan telefonla danışdılar. Yəqin ki, prezident kimə zəng edib təbrik etsə, onun sevinci yerə-göyə sığmazdı. Ayxan da bundan çox xoşlanmışdı".

 

Qeyd edək ki, 68 kq çəki dərəcəsində bütün rəqiblərinə qalib gələrək, fəxri kürsünün ən yüksək pilləsinə çıxan idmançımız Birinci Avropa Oyunlarında taekvondo üzrə millimizə ilk qızıl medalı qazandırıb.

 

Müəllif | Apa.Tv