Azərbaycan gimnastı gümüş medal qazandı
Bu gün Bakı-2015 I Avropa Oyunlarının idman gimnastikası yarışlarında Azərbaycan gimnastı Oleq Stepko gümüş medal qazanıb. Təsnifat mərhələsini 3-cü pillədə bitirən idmançımız finalda 2-ci yerə layiq görülüb.
Sərbəst hərəkətlərdən (14,600) sonra 18 iştirakçı arasında 6-cı olan idmançımız sonra xal hesabını artırmağa müvəffəq olub. Gimnastika atındakı (15,300) çıxışını ilə 2 hərəkətin cəmində 29,900 xalla 2-ci yerə yüksələn Stepko mövqeyini sonadək qoruyub.
Təmsilçimiz həlqələrdə 14,633, dayaqla tullanmada 14,766, paralel qollarda 15,866, turnikdə 13,900 xal qazanıb. Bununla da yekunda 89,065 xalı olan Oleq Avropa Oyunlarının gümüş mükafatını qazanıb.
Komanda hesabında da bürüncə yiyələnən Stepko Bakı-2015-də iki medal əldə edən ilk Azərbaycan idmançısı olub. Bu medal Azərbaycan yığmasının yarışlarda 26-cı mükafatıdır.
Yarışların sonunda qaliblərin mükafatlandırılması mərasimi keçirilib.
Qaliblərə mükafatı Avropa Oyunları Təşkilat Komitəsinin sədri, Heydər Əliyev Fondunun prezidenti, Azərbaycanın birinci xanımı Mehriban Əliyeva təqdim edib.