Hacı Əliyev: “Erməni güləşçi ilə qarşılaşmaq məsuliyyətdir”
“Hər bir azərbaycanlı idmançı kimi, mənim də arzum I Avropa Oyunlarında qızıl medal qazanmaq idi. Amma təəssüflər olsun ki, qızıl medal qazana bilmədim”. Bu fikirləri Azərbaycanın sərbəst güləş yığmasının üzvü, Avropa Oyunlarının bürünc mükafatçısı Hacı Əliyev deyib.
Avropa və dünya çempionumuz qardaşı Yaşarla birgə erməni güləşçilərin kürəyini yerə vurmalarına da toxunub:
“Gecə bilirdim ki, erməni güləşçi ilə qarşılaşacağam. Qarşıma məqsəd qoymuşdum ki, bu görüşdə qalib gəlməliyəm. Şükürlər olsun ki, erməni güləşçini məğlub etdim. Sərbəst güləşdə mən və qardaşım erməni güləşçilərlə görüşdük. Düzdür, qardaşım erməni güləşçini məğlub etsə də, növbəti mərhələdə məğlub oldu. Əsas odur ki, vətənimdə erməni güləşçiyə qalib gəldim. Bu, böyük bir uğurdur. Kənardan asan görünsə də, erməni güləşçi ilə qarşılaşmaq məsuliyyətdir. Hamı səndən qələbə gözləyir, məğlub olmaq bir az çətindir”.
İdmançımız bürünc medalı ailəsinə və Azərbaycan xalqına həsr etdiyini əlavə edib.
“Qarşıdakı dünya çempionatında rusiyalı güləşçidən məğlubiyyətin əvəzini çıxacağam. Mən rus güləşçiyə əvvəllər asanlıqla qalib gəlmişdim. Sadəcə, o bir oyun az keçirmişdi. Çalışacağam dünya çempionatında bunun əvəzini çıxım”.
Qeyd edək ki, Avropa Oyunlarında 61 kq çəki dərəcəsində mübarizə aparan Əliyev bürünc medal uğrunda görüşdə Türkiyə təmsilçisi Recep Aktaş Minur üzərində qələbə qazanıb.