Qadın sürücü xəsarət alıb
Ötən axşam Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Qəza Heydər Əliyev prospektində, "Şəfa" stadionunun qarşısında baş verib. Muxtarov Ramil Kamil oğlunun yüksək sürətlə idarə etdiyi VAZ 2107 markalı avtomobil Cəfərzadə Şəbnəm Əfşət qızının idarə etdiyi OPEL markalı maşına çırpılıb. Zərbə o qədər güclü olub ki, OPEL yolda fırlanaraq, hərəkət istiqamətinin əksinə dayanıb. Xoşbəxtlikdən arxadan gələn maşınlar qəzadan yayına biliblər. Qəza nəticəsində OPEL-in sürücüsü Şəbnəm Cəfərzadə xəsarət alıb və təcili tibbi yardım briqadası tərəfindən xəstəxanaya aparılıb. Hadisənin baş verdiyi Nizami rayon Polis İdarəsindən APA TV-yə verilən məlumata görə, qadın sürücünün xəsarətləri ağır deyil və həyatı üçün təhlükə yoxdur. Qəzadan sonra Heydər Əliyev prospektində böyük tıxac yaranıb. Qəzanın səbəbinə gəlincə, ilkin versiya bundan ibarətdir ki, VAZ 2107 yüksək sürətlə idarə olunub və sürücü Ramil Muxtarov qarşıdakı maşını görsə də, sürəti nizamlaya bilməyib. Faktla bağlı Nizami rayon Polis İdarəsinin istintaq şöbəsində araşdırma aparılır.