Gümüş mükafatçı Fəridə Əzizova: “Mənə inanan Azərbaycan xalqına təşəkkürümü bildirirəm”

“Sona qədər mənə dəstək olan və inanan Azərbaycan xalqına təşəkkürümü bildirirəm. Təəssüflər olsun ki, yığmamızın hesabına qızıl medal yazdıra bilmədim. Buna görə, Azərbaycan xalqından üzr istəyirəm”. Bu fikirləri taekvondo üzrə yığmamızın üzvü, Avropa Oyunlarının gümüş mükafatçısı Fəridə Əzizova deyib.

 

Taekvondoçumuz Avropa Oyunlarının final görüşündə Anastasiya Barişnikovaya məğlub olmasının səbəblərini açıqlayıb.

 

“Əsas hədəfim çempionluq olsa da, səhvlərim qələbəmə mane oldu. Artıq 4-cü dəfədir ki, rusiyalı idmançıya yenilirəm. Yəqin ki, bu mənim səhvimdən baş verir. Hər dəfə eyni səhvi edirəm və onu heç cür düzəldə bilmirəm. Bundan sonrakı mübarizələrdə onu yenmək üçün səy göstərəcəyəm”.

 

Qeyd edək ki, taekvondoçularımız bu günədək çıxış etdikləri 6 çəki dərəcəsindən dördündə medal qazanmağı bacarıblar. İdmançılarımızın hesabında 2 qızıl, 1 gümüş, 1 bürünc medal var. Taekvondo yarışlarına sabah yekun vurulacaq.

Müəllif | Apa.Tv