ABŞ-da kilsədə qətliam törədən şəxs tutuldu

ABŞ-ın Cənubi Karolina ştatında qaradərililərin getdiyi kilsəyə silahlı hücum edərək, 9 nəfəri qətlə yetirən şəxs tutulub.

 

APA TV-nin xəbərinə görə, hücum nəticəsində öldürülənlər arasında keşiş və 6 qadın da olub. Cinayətkar kilsədə yalnız bir nəfəri baş verənləri danışması üçün sağ saxlayıb.

 

Hadisəni törətdikdən sonra qaçan 21 yaşlı Dilan Ruf bir neçə saatlıq əməliyyat-axtarış tədbirləri nəticəsində Şimali Karolina ştatında saxlanılıb.

 

Bundan sonra Dilan Rufun qətliamı niyə törətməsi ilə bağlı ehtimalların irəli sürülməsinə başlanılıb. Diqqət onun "Facebook" sosial şəbəkəsindəki fotolarından birinə yönəlib. Həmin fotoda əsasən afrikalıların getdiyi kilsəyə hücum edən şəxsin üzərində Cənubi Afrika Respublikasının aparteid rejimi dövründəki bayrağı olan köynək var.

 

Rəsmilər silahlı hücumun irqi düşmənçilik səbəbindən törədildiyini ehtimal edirlər. Şübhəlinin kilsədəkilərə atəş açmazdan əvvəl "Bunu etməyə məcburam. Ölkəmizi ələ keçirirsiniz. Rədd olub gedin" dediyi bildirilir.

 

Dilan Rufun əvvəllər də narkotik və basqın ittihamları ilə həbs edildiyi açıqlanıb.

Müəllif | Apa.Tv
Apa.tv