Bakıda “Baron Aydın” ləqəbli narkotik alverçisi tutuldu - YENİLƏNİB
Bakıda bir ailənin üç üzvünün bıçaqlanmasının təfərrüatları məlum olub.
APA-nın məlumatına görə, Suraxanı rayon Polis İdarəsinə daxil olan əməliyyat məlumatı əsasında “Baron Aydın” ləqəbli Aydın Bağırovun tutulması üçün tədbir keçirilib.
Şübhəli şəxslərin yeri müəyyən edilib və əraziyə əməliyyat qrupu çıxıb. Əməliyyat qrupunu görən şübhəli şəxslər bir-birinə xəsarət yetiriblər. Onlardan ikisi - Aydın Bağırov və onun oğlu Taleh saxlanılıb. Onlardan xeyli miqdarda narkotik vasitə götürülüb. Dəstənin digər üzvü Ənvər Məmmədov isə qaçıb. Hazırda onun tutulması istiqamətində əməliyyat-axtarış təbirləri davam etdirilir.
Məlumata görə, saxlanılan Aydın Bağırov kriminal aləmdə “Baron Aydın” ləqəbi ilə tanınır.
Faktla bağlı cinayət işi başlanıb, istintaq gedir.
* * *
Gecə saatlarında Bakının Suraxanı rayonu ərazisində bir mənzildə 3 nəfər bıçaqlanıb.
APA TV-nin məlumatına görə, hadisə Yeni Suraxanı qəsəbəsi, Kirov küçəsi 4 ünvanında qeydə alınıb.
Həmin evdə bıçaq xəsarətləri almış 3 nəfər paytaxt sakinləri - 67 yaşlı Bağırov Aydın Yusif oğlu, onun oğlu 35 yaşlı Taleh Bağırov və bacısı oğlu, 35 yaşlı Məmmədov Ənvər Akif oğlu bıçaq xəsarətləri ilə 3 saylı Şəhər Kliniki Xəstəxanasına yerləşdirilib.
Müəyyən edilib ki, həmin şəxslərin üçünə də bıçaq xəsarətləri eyni adamlar tərəfindən yetirilib. Hazırda bıçaq xəsarəti almış şəxslərdən ikisi - Aydın Bağırovla Ənvər Məmmədovun müalicəsi xəstəxanada həkim nəzarəti və polis mühafizəsi altında davam etdirilir. Taleh Bağırov isə ilkin tibbi yardımdan sonra evə buraxılıb.
Ancaq qanlı hadisənin hansı şəraitdə baş verdiyi dəqiq məlum deyil. Faktı Suraxanı RPİ-nin 33-cü polis bölməsinin əməkdaşları araşdırır. Məlumata görə, bıçaqlanan şəxslərdən ata-oğul Bağırovlar əvvəllər narkotik vasitələrin alqı-satqısına görə məhkum olunub.
Ötən gecə Suraxanı rayonu ərazisində daha bir bıçaqlanma hadisəsi baş verib. 33 yaşlı Məmmədov Murad Rabil oğlu qarnının ön divarının kəsilmiş-deşilmiş yarası diaqnozu ilə xəstəxanaya gətirilib. 3 saylı Şəhər Kliniki Xəstəxanasının həkimləri Murad Məmmədovun üzərində cərrahi əməliyyat aparıblar. Bu hadisə ilə də bağlı Suraxanı polisi araşdırmalara başlayıb. Məmmədovun kim tərəfindən bıçaqlandığı barədə məlumat verilməsə də, ortada şəxsi münaqişə faktının olduğu bildirilir.