Bu gün Süleyman Dəmirəllə vida mərasimi keçiriləcək

Türkiyənin 9-cu prezidenti Süleyman Dəmirəllə bu gün vida mərasimi keçiriləcək.

 

APA TV-nin məlumatına görə, eks-prezidentin şəxsi həkimi Aylin Cəsur Süleyman Dəmirəlin nəşinin dəfn edilmək üçün Ankaradan İspartaya hərbi təyyarə ilə aparılacağını bildirib. Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahının əmri ilə təyyarəni qırıcılar müşayiət edəcək.

 

Səhər saatlarında Süleyman Dəmirəlin Ankaradakı evində, daha sonra isə Türkiyə Böyük Millət Məclisində sabiq prezidentlə vida mərasimi keçiriləcək. Bundan sonra cənazə məscidə aparılacaq və cümə namazının ardınca cənazə namazı qılınacaq.

 

Cənazə Süleyman Dəmirəlin vətəni İspartaya bu gün göndərilsə də, dəfn mərasiminin sabah keçiriləcəyi gözlənilir. Sabiq prezident həyat yoldaşı Nəzmiyə Dəmirəlin məzarının yanında dəfn edilməyəcək. Onun sonradan abidəsinin ucaldılacağı yerə dəfn ediləcəyi, həyat yoldaşının qəbrinin də ora köçürüləcəyi bildirilir.

 

Qeyd edək ki, Süleyman Dəmirəllə vida mərasimində Azərbaycandan Milli Məclisin sədri Oqtay Əsədov, Milli Məclis aparatının rəhbəri Səfa Mirzəyev və digər rəsmi şəxslər iştirak edəcək. Nümayəndə heyəti artıq Ankaradadır. 

Müəllif | Apa.Tv
Apa.tv