Bakı-2015: Rusiya liderliyi, Azərbaycan ikinciliyi əldən vermir
Bakı-2015 I Avropa Oyunlarının VII günündə növbəti medalların sahibləri müəyyənləşib.
APA TV-nin məlumatına görə, Azərbaycan yığmasının aktivindəki medalların sayı 29-a çatıb. 12 qızıl, 5 gümüş və 12 bürüncü olan komandamız həm qeyri-rəsmi komanda hesabında, həm də ümumi medal sayında 2-ci pillədə qərarlaşıb.
Medal sıralamasında lider yenə də Rusiyadır Yarışın 4-cü günündə zirvəni ələ keçirən şimal qonşularımızın hesabında 40 mükafat var. Bunların 22-si qızıl, 9-u gümüş, 9-u bürüncdür. Hesabında 7 qızıl, 1 gümüş və 5 bürünc olan Macarıstan millisi 3-cü pillədə qərarlaşıb.
Rusiya Federasiyası qadın idmançıların qazandığı medalların sayına görə də liderdir. Bu ölkənin 17 qadın idmançısı fəxri kürsüyə qalxıb. Bu sıralamada 2-ci yeri Macarıstan yığması tutur. Yarışların ilk yeddi günündə 7 macar qadın idmançı medal qazanıb ki, bunlardan 4-ü qızıldır. 7 qadın üzvü Avropa Oyunlarının mükafatını qazanan Azərbaycan millisi üçüncü pillədədir. Qadın idmançılarımız 3 qızıl, 1 gümüş, 3 bürünc medal qazanıblar.
Qeyd edək ki, Bakı-2015-in ilk 7 günündə ümumilikdə 291 medal oynanılıb.