Azərbaycanlı model “Asiya gözəli” seçildi
Azərbaycanlı model “Asiya gözəli” titulunu qazanıb.
APA TV-nin məlumatına görə, Türkiyənin Antalya şəhərində keçirilən sayca 7-ci olan “Miss Avrasiya” beynəlxalq yarışmasında azərbaycanlı Təhminə Süleymanova ölkəmizi təmsil edərək “Miss Asiya” seçilib.
Müsabiqəyə Avropa və Asiyanın bir çox ölkələrindən 33 gözəl qatılıb. Avrasiya gözəlinin tacı və avtomobil uğrunda Azərbaycan, Almaniya, İsveç, Slovakiya, Türkiyə, Rusiya, Bolqarıstan, Qazaxıstan, İsrail, Ukrayna, Ermənistan, Moldova, Koreya və digər ölkələrdən olan iştirakçılar mübarizə aparıb. Bəzi nəhəng ölkələri isə bir necə iştirakçı təmsil edib.
Qeyd edək ki, xanımlar yarışmada gecə libası, çimərlik paltarı və milli geyimlərdə çıxış ediblər. Gözəllik yarışmasında həminin iştirakçılar mahnı ifası və rəqs qabiliyyətlərini də nümayiş ediblər.
Yarışmanın nəticəsinə görə "Miss Avrasiya" titulu və tacına Yakutskdan olan Olqa Dumskya, "Miss Asiya" titulu və tacına azərbaycanlı Təhminə Süleymanova, "Miss Avropa" titulu və tacına isə Rusiyadan olan Alina Roqul layiq görülüblər.
Müsabiqədə qalib gələn və iştirak edən qızlara qiymətli hədiyyələr təqdim olunub.