Bakı-2015: Albaniyalı boksçuda dopinq tapıldı
Bakı-2015 İlk Avropa Oyunlarında antidopinq yoxlamalarının ilk nəticələri məlum olub.
Gənclər və İdman Nazirliyinin Dopinqə qarşı mübarizə sektorunun rəhbəri İradə Rüstəmzadə apasport.az saytına açıqlamasında deyib ki, Avropa Oyunlarına qatılan idmançıların istifadəsi qadağan olunmuş dərman preparatlardan yararlanmağına PWS şirkəti nəzarət edir. Ümumdünya Antidopinq Agentliyinin (WADA) tərəfdaşlarından olan PWS şirkətinin mütəxəssisləri Avropa Oyunlarının ilk günündən Bakıdadır. Onlar istədikləri atleti hətta yarışa qatılmazdan öncə belə yoxlayırlar.
İradə Rüstəmzadənin sözlərinə görə, yoxlamalardan sonra orqanizmində istifadəsi qadağan olunun dərman preparatı tapılan ilk idmançının adı bəlli olub. Bu, Albaniya millisinin boksçusu Reşildo Zenelidir. 56 kq çəki dərəcəsində çıxış edən 19 yaşlı idmançının qanında furosemid preparatı tapılıb. Bu gün rinqə çıxmalı olan boksçu artıq "Atletlər Kəndi"ndən çıxarılıb və onun 1/8 finalda döyüşməli olduğu Dmitri Asanov (Belarus) növbəti mərhələyə vəsiqə qazanıb.
Dopinqə qarşı mübarizə sektorunun rəhbəri onu da bildirib ki, bu yoxlamalar hər gün davam edəcək.