Medal qazanan idmançılarımızın valideynləri Avropa Oyunlarının bağlanış mərasiminə dəvət olunacaq

Bu gün Milli Olimpiya Komitəsində Bakı-2015 I Avropa Oyunlarının mükafatçıları ilə ənənəvi görüş keçirilib.

 

APA TV-nin xəbərinə görə, gənclər və idman naziri Azad Rəhimov, MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə, Olimpiya çempionlarımız Namiq Abdullayev və Fərid Mansurovun iştirak etdiyi görüşə ötən gün fəxri kürsüyə qalxan idmançılar qatılıblar.

 

MOK rəsmisi qızıl medalçı Milad Beiqi Harçeqani (taekvondo, 80 kq), gümüş mükafatçılar Fəridə Əzizova (taekvondo, 67 kq) və Oleq Stepko (idman gimnastikası), həmçinin bürünc medal qazanan sərbəst güləşçilər Hacı Əliyev (61 kq), Ruslan Dibirhacıyev (70 kq) və Camaləddin Məhəmmədovu (125 kq) mükafatlandırıblar.

 

Tədbiri açıq elan edən Çingiz Hüseynzadə dünən medal qazanan idmançıları təbrik etdikdən sonra sözü Azad Rəhimova verib. Nazir bildirib ki, yığmamızın uğurlu çıxışı sevindiricidir. Çünki Azərbaycan indiyədək heç vaxt bu qədər medal qazanmamışdı.

 

Azad Rəhimov Bakı-2015 I Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban Əliyevanın yeni təşəbbüsünü də diqqətə çatdırıb: "I Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva təklif irəli sürüb ki, yığmamızın şərəfini qoruyan idmançıların yarışlarda yüksək səviyyədə iştirak etmələrində eyni zamanda onların valideynlərinin böyük əməyi var. Buna görə də hər bir idmançının valideynlərin  yarışın bağlanış mərasimində iştirak etmələrini təmin etməliyik. Bu məqsədlə onlara avtobus və stadionda xüsusi yerlər ayrılacaq".

 

Daha sonra medalçılar xüsusi şərəf lövhəsinə imza atıblar və onlara hədiyyələr təqdim olunub.

 

Müəllif | Apa.Tv