Ermənilərin güllələdiyi şəxs danışdı
Tovuz rayonunun cəbhə xəttində yerləşən Əlibəyli kəndində sentyabrın 4-də erməni hərbçilərin açdığı atəş nəticəsində ağır yaralanan 28 yaşlı mülki vətəndaş Adil Musayev Tovuz rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Həkimlərin tibbi müayinə və müalicə tədbirləri nəticəsində onun həyatı üçün təhlükədən aradan qalxıb. Hazırda xəstə özünü yaxşı hiss edir və həkim nəzarətindədir. APA TV-nin əməkdaşları Adil Musayevə baş çəkiblər. Düşmən gülləsi onun sağ çiyin nayihəsini dəlib keçib, yaralanan zaman o qəfildən yıxılıb və bu zaman sağ bazu sümüyü də bir neçə yerdən qırılıb. Yaşadığı kənddə təsərrüfat işləri ilə məşğul olarkən düşmən gülləsinə tuş gələn Adil hadisəni belə xatırlayır. Tovuz Mərkəzi Rayon Xəstəxanasının həkimləri Adil Musayevin vəziyyətinin normal olduğunu bildiriblər. Xatırladaq ki, Tovuzun Əlibəyli kəndi Ermənistanla sərhəddə yerləşir. Bu yaşayış məntəqəsi tez-tez atəşə tutulur. Hazırda Əlibəyli kəndi ərazisində Beynəlxalq Qızıl Xaç Cəmiyyətinin iştirakı ilə sərhədboyu hündürlüyü 9 metr olacaq sədd inşa olunur.