Taekvondoçumuz Radik İsayev finalda!
Taekvondo yarışlarında 80 kiloqram çəki dərəcəsində mübarizə aparan Azərbaycan təmsilçisi Radik İsayev finala vəsiqə qazanıb.
APA TV-nin xəbərinə görə, yarışların ilkin mərhələsindən azad olunan dünya çempionumuz 1/4 finalda Hollandiya təmsilçisi Jeron Vanruijuya 8:6 hesabı ilə qalib gələrək yarımfinala çıxıb.
Yarımfinal döyüşü Radik İsayev üçün asan keçib. İlk iki raundda rəqibinin başına ayaqla 5 dəfə dəqiq zərbə endirməyə müvəffəq olan İsayev görüşü 17:1 hesabı ilə başa vurub. Finala vəsiqə qazanan taekvondoçumuz ən azı gümüş medal qazanmağı təmin edib.
Qeyd edək ki, taekvondo yarışlarına bu gün yekun vurulur. Taekvondoçularımız bu günədək Avropa Oyunlarında iki qızıl, bir gümüş və bir bürünc medal qazanıblar.