Əli Abbasov Yevlaxda vətəndaşları qəbul edib
Rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov iyunun 19-da Yevlaxda vətəndaşları qəbul edib.
APA TV-nin Qarabağ bürosunun xəbərinə görə, qəbulda Ağdam, Bərdə, Tərtər, Naftalan, Xocalı və Yevlax rayonlarından olan vətəndaşlar iştirak edib.
Nazirliyin müvafiq struktur rəhbərlərinin də iştirak etdikləri qəbulda müraciətlərin operativ araşdırılması və həlli məqsədilə rayonların poçt şöbələrinin və telekommunikasiya qovşaqlarının rəhbərləri ilə videobağlantı yaradılıb.
Qəbul zamanı vətəndaşlar əsasən işlə təmin olunmaq, bir sıra yerlərdə, xüsusən ucqar yaşayış məntəqələrində telefon rabitəsinin, habelə internet və poçt xidmətlərinin keyfiyyətinin yaxşılaşdırılması və digər məsələlərlə bağlı müraciətlər ediblər.
Müraciət edən hər bir vətəndaş diqqətlə dinlənilib. Qaldırılan məsələlərin əksəriyyəti yerindəcə həllini tapıb. Araşdırılmaya ehtiyac olan bəzi müraciətlər isə qeydiyyata götürülüb. Onların operativ həlli üçün nazirliyin müvafiq struktur rəhbərlərinə konkret tapşırıqlar verilib.
Qəbul zamanı nazirliyin səlahiyyətlərinə aid olmayan məsələlərlə bağlı müraciətlər də olub. Həmin müraciətlər müvafiq strukturlara göndərilərək həll olunması üçün qeydiyyata alınıb.
Daha sonra jurnalistlərlə görüşən nazir bildirib ki, 2016-cı ilin sonunadək respublikanın telefonlaşdırılmamış yaşayış məntəqəsi qalmayacaq.
Ölkədə mobil telefon aparatlarının alınması qaydalarına ediləcək dəyişikliklərə aydınlıq gətirən Əli Abbasov deyib ki, bu məsələ müasir dünya standartları ilə tənzimlənəcək:
Nazir onu da bildirib ki, ən yaxın gələcəkdə ölkədə əhaliyə göstərilən rabitə xidmətinin daha da yaxşılaşdırılması məsələsi ölkə rəhbərliyi tərəfindən ciddi tapşırıq kimi ortaya qoyulub və bu, ən yüksək şəkildə icra olunacaq.