Avropa Oyunlarının VIII günündə 11 dəst medalın sahibi müəyyənləşdi

Bakı-2015 I Avropa Oyunlarının VIII günündə 11 dəst medalın sahibi müəyyənləşib.

 

APA TV-nin məlumatına görə, iyunun 19-da hesabına 1 mükafat əlavə edən Azərbaycan yığmasının aktivindəki medalların sayı 30-a çatıb.

 

İlk 8 gündən sonra Azərbaycan 13 qızıl, 5 gümüş, 12 bürünc medalla komanda hesabında 2-ci pillədəki mövqeyini qoruyub.

 

Bu siyahının lideri Rusiyadır. İyunun 19-da 9 medal əldə edən şimal qonşularımız izləyiciləri ilə fərqi bir qədər də artırıb. Hesabında 49 mükafat olan rusiyalıların medallarından 27-si qızıl, 12-si gümüş, 10-u bürüncdür. Hesabında 7 qızıl, 2 gümüş və 5 bürünc olan Macarıstan millisi 14 medalla 3-cü pillədə qərarlaşıb.

 

Qeyd edək ki, Bakı-2015-in ilk 8 günündə ümumilikdə 98 qızıl, 98 gümüş, 130 bürünc medalın sahibi müəyyənləşib. 37 ölkə təmsilçisi medal qazanıb ki, onlardan 21-i çempionluq sevinci yaşayıb.

 

Müəllif | Apa.Tv