Əcnəbi turistlər hansı yeməklərimizi bəyənir? - REPORTAJ

Bir yandan yayın gəlişi və turizm mövsümünün açılışı, digər bir tərəfdən də ölkəmizdə I Avropa Oyunlarının keçirilməsi ölkəmizə, xüsusilə də paytaxt Bakıya çoxlu sayda turistin gəlməsinə səbəb olub. İndi Bakının hansı küçəsindən keçsək, orada əcnəbilərə rast gələ bilərik.

 

Elə ilk qarşılaşdığımız turist də isti havadan çəkinib, Fəvvarələr meydanında kölgəlikdə dincələn Frenk Tomson oldu. İspaniyadan ölkəmizə turist olaraq gələn Frenklə söhbətimiz zamanı məlum oldu ki, o, Bakıya iki gün əvvəl gəlib. Onu bura gətirən səbəb isə ölkəmizdə keçirilən I Avropa Oyunlarıdır: "Mən sizin ölkənizə ilk dəfədir gəlirəm. Azərbaycan haqqında o qədər məlumatım yox idi. I Avropa Oyunlarının möhtəşəm açılışını gördüm və bu il tətilimi burada keçirməyə qərar verdim. Burada daha çox xoşuma gələn məqam insanların səmimi münasibətidir".

 

Bakını gəzdikdən sonra dostları ilə bərabər regionlardan birinə səfər edəcəyini deyən Frenk Tomson bildirir ki, onu hər zaman təbiət mənzərəsi cəlb edib. Buna görə də təbiəti gözəl məkanlardan birinə səfər edəcək. Ancaq vaxtı az olduğundan, bu səfərini paytaxta yaxın rayonlardan birinə reallaşdırmaq istəyir.

 

Qonaq deyir ki, Şərq mətbəxi haqqında Avropada çox eşidib, amma bu günə kimi onun dadına baxmaq fürsəti olmayıb. Bakıda isə gəldiyi ilk gündən milli mətbəximizin yeməklərinə üstünlük verən qonaq onun üçün bu tamın fərqli olduğunu deyir.     

 

Sara Denit və Dani Konsburq isə Bakıya Lüksemburqdan gəliblər. Avropa Oyunlarının iştirakçıları olan idmançılar artıq iyunun 10-dan Bakıdadırlar. "Atletlər Kəndi"ndə  müvəqqəti yaşayan idmançılar burada maraqlı vaxt keçirdiklərini və eyni zamanda məşqlərini davam etdirdiklərini deyillər. Boş vaxtlarında isə digər həmkarları kimi paytaxt gəzintisinə çıxırlar.

 

Sara Denit: "Bakı mənim çox xoşuma gəldi. Şəhəriniz çox gözəl və maraqlıdır. Burada olan qədim binalar, onların üzərində olan xüsusi ornamentlər mənim diqqətimi çəkdi. Bir çoxunun mənasını anlayıram, amma bəziləri var ki, onların nə demək olduğunu bilmirəm, gedib maraqlanıb tapacam. Bir də sizin yeməkləriniz çox xoşuma gəldi".

 

Dani Konsburq: "Biz "Atletlər Kəndi"ndə qalırıq, ona görə də orda verilən yeməklərdən yeyirik. Orada bizə dünya mətbəxindən müxtəlif yeməklər verirlər. Sizin kabablar çox xoşumuza gəldi. Qeyri-adi dadı var. Şəhəriniz isə şərhsiz gözəldir. Biz dəniz kənarına yaxın bir yerdə hündürlüyə qalxdıq. Oradan bütün Bakı və dəniz görünürdü".

 

Əcnəbi idmançılarla sağollaşıb, bu dəfə də yolumuzu saldıq paytaxtda fəaliyyət göstərən restoranlardan birinə. Bura adi restoranlardan bir qədər fərqli idi. Milli üslubda dizayn edilən restoranda milli mətbəxin yeməkləri üstünlük təşkil edirdi. Restoranın administratoru Yaşar Nabatəliyev deyir ki, restoran yeni fəaliyyətə başladığından, buradan çoxları xəbərsizdir. Amma buna baxmayaraq, müştəri azlığından da şikayətçi deyillər. Gün ərzində restorana təxminən 20-30 nəfər xarici müştəri gəlir: "Dünən 20-dən artıq idmançı bura gəlmişdi. Onların məşqçiləri və digər nümayəndələr var idi. Onlar bizim milli yeməkləri çox bəyənirlər. Çünki burada bizim təqdim etdiyimiz yeməklər dünyanın heç bir ölkəsində yoxdur. Bir az İran mətbəxi bizim mətbəxə oxşayır, amma bizim yeməklər daha dadlı olur. Bunu əcnəbilər deyir. Əslində bizdə Avropa yeməkləri də olur. Amma bu günə kimi hələ olmayıb ki, əcnəbi turist gəlsin və Avropa yeməyi istəsin. Onlar üçün bizim yeməklər maraqlıdır. Neynirlər langeti və ya steyki..."

 

Günorta saatları olmasına baxmayaraq, nahar yeməyini milli musiqinin sədaları altında yemək istəyənlər də az deyildi. Artıq iki ildir Bakıda yaşayan Yurek Tvochko deyir ki, bu illər ərzində hansı restorana gedibsə, mütləq Azərbaycan milli yeməklərini sifariş edib. Ən çox sevdiyi yeməklər isə dolma, döşəmə plov, sac və xaşdır: "Mən hər zaman Azərbaycanın milli yeməklərini sifariş edirəm. Bilirsiniz, bu yeməklərdə olan dadı mən heç bir ölkədə dadmamışam. Səhərlər bura gəlib xaş yeyirəm. Xaş mənim ən çox sevdiyim yeməkdir. Bu günlərdə mənim Avropadan dostlarım gəlir, onları da bura gətirirəm".

 

Bu gün də yaxın dostu ilə restorana nahar etməyə gələn Yurek Tvochko ilk növbədə ona sərin şərbət gətirilməsini istədi. Dediyinə görə, havalar istiləşəndən bəri müxtəlif bitkilərdən hazırlanmış şərbəti dadmaq onun üçün ayrı biz həzdir.

 

Söhbətimiz zamanı o da məlum oldu ki, əcnəbi qonaq burada yeməklərin bəzilərinin artıq bişirilmə qaydalarını da öyrənib: "Əslində bu illər ərzində bəzi şorbaları bişirməyi öyrənmişəm. Amma plov və ya sac bişirməyi bacarmıram. Çünki bildiyim qədər burada da hər kəs o yeməkləri uğurla bişirə bilmir. Amma mən çox istərdim ki, sevdiyim bəzi yeməkləri bişirməyi öyrənim və ölkəmə qayıtdıqdan sonra orada ailəm və dostlarım üçün bişirim".

 

Hər halda, ölkəmizə gələn qonaqlara təkcə paytaxtımızı və idmandakı nailiyyətlərimizi göstərmirik. Eyni zamanda milli mətbəximizi və adət-ənənələrimizi də yüksək zövqlə təqdim edirik. Bircə qalır əcnəbilərin bu zəngin irsdən özlərinə pay götürmələri...

 

Müəllif | Apa.Tv