Zəncirvari qəzalar -11 avtomobil toqquşub
Ötən gecə Bakıda iki zəncirvari yol qəzası baş verib. Üst-üstə 11 maşın toqquşub. Qəza nəticəsində 1 nəfər yüngül xəsarət alıb. Təcili yardım briqadasının həkimləri ona hadisə yerində ilkin tibbi yardım göstəriblər. Qəzanın səbəbini hələlik dəqiqləşdirmək mümkün olmayıb. Çünki, VAZ 2107-nin sürücüsü və hadisə zamanı yanında olan qadın sərnişin qəzadan dərhal sonra ərazini tərk ediblər. Hadisə şahidlərinin sözlərinə görə, sürücü sərxoş olub və otelə getdiyini deyib. Qeyd edək ki, maşının üstündə taksi nişanı olsa da, hadisə baş verən vaxt sürücü taksi fəaliyyəti ilə məşğul olmayıb. Digər qəzaya da yüksək sürət və sürücülərdən birinin yol hərəkəti qaydalarını kobud şəkildə pozması səbəb olub. “Hunday” markalı avtomobil Bakıxanov küçəsi ilə İzmir küçəsinə doğru hərəkətdə olarkən yüksək sürətlə qarşı hərəkət zolağına çıxıb. Bu vaxt o, qarşıdan gələn başqa bir “Hunday” markalı avtomobillə toqquşub, sonuncunun sürücüsü isə idarəetməni itirib. Nəticədə maşın yolun kənarında dayanan “Lexus” və “VAZ 21 10” markalı avtomobillərə çırpılıb. Arxadan gələn “Ford” markalı maşının sürücüsü isə qəzadan yayınmağa çalışsa da, idarəetməni itirib və yol kənarındakı beton sütunların üstünə çıxıb. Qəza zamanı xəsarət alan olmasa da, maşınlara ciddi ziyan dəyib.