Yəmənin xarici işlər naziri: "Şiə üsyançıları bizə heç bir şans vermir"

BMT-nin təşəbbüsü ilə İsveçrənin Cenevrə şəhərində Yəməndə vəziyyətin nizama salınması ilə bağlı keçirilən danışıqlar nəticəsiz qalıb.

 

APA TV-nin "Euronews"a istinadən verdiyi məlumata görə, masa arxasında Yəməndə üsyan etmiş husilərin nümayəndə heyəti və eks-prezident Əli Abdullah Salehin tərəfdarları ilə Yəmən hökumətinin üzvləri əyləşiblər.

 

Ölkənin xarici işlər naziri görüşün nəticəsiz qaldığından təəssüfləndiyini bildirsə də, bunu faciə hesab etmədiyini deyib. "Biz hələ də optimist düşünürük, ümid edirik ki, BMT-nin də dəstəyi ilə Yəməndə sülhün bərqərar olmasına nail olacağıq. Heyf ki, husilərin nümayəndə heyəti bizə bu imkanı vermir. Biz onlardan düşünülmüş addım atmağı gözləyirik", - deyə Riyad Yasin əlavə edib.

 

Xatırladaq ki, Yəmən hökuməti husi üsyançılardan ələ keçirdikləri şəhərləri boşaltmalarını istəyir. Yeni danışıqların nə vaxt baş tutacağı hələ ki, açıqlanmayıb. Bu tarix də danışıqlardan sonra müəyyənləşəcək. Bunu BMT baş katibinin Yəmən məsələsi üzrə xüsusi elçisi İsmayıl uld Şeyx Əhməd bildirib. "Düzünü demək lazımdır, razılaşma tərəflərin fikirlərinin qətiyyən uyğun gəlməməsi səbəbindən baş tutmur" - deyə o bildirib.

Müəllif | Apa.Tv
Apa.tv