113 yaşlı Xavər nənə: "Uzunömürlülüyün sirri..."
Cəlilabad rayonunun Ağdaş kəndində Xavər Məmmədova adlı bir ağbirçək qadın yaşayır. APA TV-nin cənub bürosunun məlumatına görə, onun nə az, nə çox - düz 113 yaşı var.
Xavər nənə 1902-ci ildə Cəlilabadın dağlıq Badamağacı kəndində dünyaya göz açıb. İki qardaşı, dörd bacısı olub. Qayğısız uşaqlıq illərini doğma kəndlərində keçirib. Özünün dediyinə görə, o vaxtlar qız uşaqlarını məktəbə qoymadıqları üçün təhsil ala bilməyib.
Xavər nənənin ömür-gün yoldaşı Məhərrəmin yolu Badamağacı kəndinə düşərkən onu burada görüb vurulub. Faytonda gəlin köçən Xavər Məmmədova uzun müddət yerli kolxozda müxtəlif işlərdə çalışıb.
İkinci Dünya müharibəsi başlayanda Məhərrəm də silaha sarılaraq cəbhəyə gedib. Bir neçə il sonra kürəyindən ağır qəlpə yarası alaraq evə, ailəsinin yanına qayıdıb. Məhərrəm kişi elə həmin sağalmaz yaradan cavan yaşlarında dünyasını dəyişib.
"İş insanın cövhəridir" deyən Xavər nənə indi də işləməkdən qalmır. Əli yetən, gücü çatan işlərin qulpundan yapışaraq gəlinlərə kömək edir. Xavər nənə həmçinin paxıllığın pis əməl olduğunu deyir.
İki oğul anası olan Xavər nənənin 30-a yaxın nəvə-nəticəsi var. Onun ən böyük arzusu isə İkinci Dünya müharibəsində sağlamlığını itirmiş əri Məhərrəmin xidmətlərinə görə onun pensiyasının artırılmasıdır.