Yığmamızın məşqçisi: "Avropa Oyunlarında Azərbaycan taekvondoçuları 3 dünya çempionuna qalib gəlib"

Bu gün Milli Olimpiya Komitəsində Bakı-2015 I Avropa Oyunlarının mükafatçıları ilə görüş keçirilib.

 

APA TV-nin xəbərinə görə, MOK-un vitse-prezidentləri Çingiz Hüseynzadə, Xəzər İsayev və Olimpiya çempionu Nazim Hüseynovun iştirak etdiyi görüşə ötən gün fəxri kürsüyə qalxan idmançı qatılıb.

 

Əvvəlki günlərdən fərqli olaraq, dünən millimiz 1 medal qazanıb. Qızıl mükafat əldə edən taekvondoçu Radik İsayev MOK rəsmiləri tərəfindən mükafatlandırılıb.

 

Tədbirdə çıxış edən Çingiz Hüseynzadə dünən uğur qazanan idmançımızı təbrik edib və Azərbaycanın qazandığı medal sayından məmnun qaldıqlarını deyib.

 

Daha sonra İsayev xüsusi şərəf lövhəsinə imza atıb və ona hədiyyə təqdim olunub.

 

Çempionumuz qələbəni anasına həsr etdiyini deyib. Eyni zamanda o, final döyüşünün çox ağır keçdiyini də bildirib: "Bundan qabaq rəqibimə uduzmuşdum, bu dəfə bir növ revanş aldım. Bunun dəyəri ondan ibarətdir ki, medalı öz evimdə aldım. Bir qədər dincəldikdən sonra bizi müxtəlif yarışlar gözləyir. Rioda keçirilən Olimpiada yolunda bizi bir necə yarış gözləyir. Özümü çox xoşbəxt hiss edirəm. Dünya çempionu, I Avropa Oyunlarının qalibi oldum".

 

Azərbaycanın taekvondo yığmasının böyük məşqçisi Elnur Amanov isə hesab edir ki, I Avropa Oyunlarında 3 qızıl, 1 gümüş və 1 bürünc medala sahib olsaq da, daha çox medal qazana bilərdik. Lakin o, ümumilikdə nəticələrdən tam razıdır: "Bütün döyüşlər yaddaqalan olub. I Avropa Oyunlarında Azərbaycan taekvondoçuları 3 dünya çempionuna qalib gəlib. Bu ölkəmizin uğurudur".

 

Gələcək planlarından danışan məşqçi iyunun 29-dan idmançıların məşqlərə başlayacaqlarını söyləyib.

Müəllif | Apa.Tv