Azərbaycan 31-ci medalını qazandı

Bu gün Bakı-2015 I Avropa Oyunlarının idman gimnastikası yarışlarına yekun vurulur.

 

APA TV-nin məlumatına görə, komanda və fərdi çoxnövçülük yarışlarının ardından gimnastlar ayrı-ayrı hərəkətlərdə ən güclüləri müəyyənləşdirir.

 

Mükafatlar uğrunda Azərbaycan gimnastı Oleq Stepko da mübarizə aparır. Komanda yarışlarında bürünc, fərdi çoxnövçülükdə gümüş medal qazanan təmsilçimiz bu gün daha 4 mükafat uğrunda yarışır. Belə ki, Oleq 4 müxtəlif hərəkətdə - gimnastika atı, həlqələr, dayaqla tullanma, paralel qollarda da qüvvəsini sınayır.

 

Gimnastika atında hərəkətlərdə sonuncu çıxış edən Stepko 14,600 xalla 2-ci olub. Bu gümüş medal Azərbaycan yığmasının Avropa Oyunlarında qazandığı 31-ci mükafatdır. Gimnastımızla yanaşı, ilk “üçlük”də sloveniyalı Saso Bartonsel (14,966) və böyük britaniyalı Brinn Bevan (14,200) də yer alıb.

Müəllif | Apa.Tv
Apa.tv