Gəncədə törədilən dəhşətli cinayətin üstü açılıb - RƏSMİ AÇIQLAMA

Gəncədə dəhşətli cinayətin üstü açılıb. DİN Mətbuat Xidmətinin rəis müavini Ehsan Zahidov APA-nın sorğusuna cavab olaraq, bildirib ki, bəzi xəbər saytları aidiyyəti dövlət orqanları ilə heç bir dəqiqləşdirmə aparmadan dünən baş vermiş bir cinayət barədə təhrif olunmuş xəbərlər yayıblar. Xəbərlərə əsasən, guya, iki nəfər maskalı şəxs Gəncə şəhər sakini olan bir nəfərin yaşadığı mənzilə pəncərədən daxil  olaraq onun iki azyaşlı oğlanlarının başlarını kəsib.

 

DİN rəsmisi deyib ki, törədilmiş ağır cinayət barədə belə yanlış və tükürpədici ehtimallar əsasında tez-tələsik xəbər hazırlayaraq onu ictimailəşdirmək, vətəndaşlar arasında əsassız narahatlığa səbəb olur: "Bunu nəzərə alaraq bildirmək istəyirəm ki, iyunun 20-də Gəncə Şəhər Baş Polis İdarəsinə şəhər sakini Ramal Əliyevin yaşadığı mənzildə naməlum şəxsin onun iki azyaşlı övladını bıçaqla qətlə yetirməsi barədə məlumat daxil olub. Dərhal hadisə yerinə gələn polis və prokurorluq əməkdaşları orada bıçaq xəsarətləri almış uşaqlardan birinin artıq ölməsini, digərinin  isə ağır vəziyyətdə olmasını aşkar ediblər".

 

Faktla bağlı dərhal Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi qaldırılıb və həyata keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri və istintaq hərəkətləri ilə cinayətin sırf ailə-məişət münaqişəsi zəminində Ramal Əliyevin həyat yoldaşı, yəni uşaqların doğma anası olan Sədaqət Babayeva tərəfindən törədilməsi müəyyən ediliB və o şübhəli şəxs qismində saxlanılıb. Qadın ilkin ifadəsində törətdiyi cinayəti tam etiraf edib. Hazırda zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

 

Müəllif | Apa.Tv
Apa.tv